Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatı Dnepropetrovsk Şəhər Deputatlar Şurasının qondarma “erməni soyqırımı”nı tanıyan qərarına etiraz edib.
Sentyabrın 30-da səhər saatlarında Dnepropetrovsk Şəhər Deputatlar Şurasının gözlənilmədən son iclası çağırılıb.
Şuranın deputatlarından xahiş olunub ki, bu il oktyabrın 25-də Ukraynanın vilayət, şəhər, qəsəbə və kəndlərində yerli qanunvericilik orqanlarına keçiriləcək seçkilərə hazırlıq işləri ilə bağlı bir sıra qanunlara dəyişiklik edilməsini nəzərə alaraq iclasda iştirak etmələri vacibdir.
Bu baxımdan Ukrayna vaxtı ilə saat 16:00-da baş tutan iclasda Dnepropetrovsk Şəhər Deputatlar Şurasının sədri, şəhər merinin səlahiyyətlərini icra edən Qalina Bulavka Şəhər Şurasının deputatlarından gündəliyə çıxarılan 8 qərara bir yerdə səs vermələrini xahiş edib və 1 saata yaxın davam edən iclasda Şəhər Şurasının deputatları təqdim olunan qanunlara toplum halda ayaqüstü səs veriblər.
Sesvermədən sonra gündəliklə tanış olan Şəhər Şurasının deputatı Sergey Vorobyov qəbul olunan qanunlar arasında qonrarma “erməni soyqırımı”nın yer tutduğunu görüb və buna kəskin etirazını bildirib.
S.Vorobyovun etirazının hay-küyə səbəb olduğunu və bu qondarma qərara digər deputatların da etiraz etdiyini görən Dnepropetrovsk Şəhər Deputatlar Şurasının sədri Q.Bulavka tələsik iclası bağlı elan edərək zalı tərk edib. Hətta bəzi deputatların belə bir uydurma qərarı gizlincə Dnepropetrovsk Şəhər Deputatlar Şurasına təqdim edən Eduard Baqdasaryanla mübahisə etdiyi bildirilir.
Dnepropetrovsk Şəhər Deputatlar Şurasının qəbul etdiyi qərardan dərhal xəbər tutan Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev və digər diaspor fəalları bu gün səhər saat 09:00-da Dnepropetrovsk şəhər meriyasına gələrək bu hadisəyə kəskin etirazlarını bildiriblər.
Konqresin nümayəndələri Q.Bulavka ilə görüşməyə cəhd göstərsələr də, xanım Q.Bulavka utancverən hərəkətinə görə görüşdən imtina edib. Q.Hacıyev erməni hiyləgərliyinin növbəti qurbanına çevrilən Q.Bulavkanın belə bir tarixi saxtakarlığa imza atmasına görə cavab verəcəyini bildirib. Ukraynanın indiki ağır və həssas məqamında belə bir məsələnin ortaya atılmasını təxribat və Ukraynanın milli maraqlarına zərbə vuran addım kimi dəyərləndirib.
Sonra Azərbaycan diasporunun nümayəndələri Dnepropetrovsk şəhər merinin birinci müavini Anatoli Krupski ilə görüşüblər. Görüş zamanı Şəhər Şurasının belə bir uydurma qərar qəbul etməsindən xəbərsiz olduğunu bildirən A.Krupski bununla bağlı ciddi araşdırma aparılacağını və belə bir qondarma qərarın ləğv olunması üçün bütün imkanlarından istifadə edəcəyini vurğulayıb.
Dnepropetrovsk Şəhər Deputatlar Şurasının qondarma “erməni soyqırımı” ilə bağlı çıxardığı qərar Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Millətlər Assambleyasının da kəskin etirazına səbəb olub. Baş verən olaya münasibət bildirən Ukrayna Millətlər Assambleyasının sədri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Rövşən Tağıyev bununla bağlı hər iki təşkilat adından Ukrayna Prezidentinə və Ali Radaya etiraz məktubu hazırlandığını vurğulayıb.\trend
Aktual.az