Daxili işlər orqanlarına xidmətə qəbulla bağlı - Yeni qaydalar

Daxili işlər orqanlarına xidmətə qəbulla bağlı   - Yeni qaydalar

Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyası “Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”nı təsdiq edib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, qaydalar dekabrın 5-dən qüvvəyə minib.

Bununla əlaqədar “Daxili işlər orqanlarında xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında Təlimat” daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin elan edilməsi, keçirilməsi və yekunlarına dair qərarın qəbul edilməsi məsələlərini tənzimləyən hissədə ləğv edilib. Yeni qaydalar daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün müsabiqənin elan edilməsi, namizədlərlə müsabiqənin keçirilməsi və yekunlarına dair qərarın qəbul edilməsi məsələlərini tənzimləyir.

Daxili işlər orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, xidmətə qəbul ilə əlaqədar kütləvi informasiya vasitələrində və DİN-in internet saytında elan verilir. Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri, həmçinin onların və yaxın qohumları haqqında məlumatlar nazirlik tərəfindən müəyyən edilmiş qaydada yoxlanılır. Prokurorluqda, digər hüquq-mühafizə və xüsusi xidmət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə xidmət edənlər (işləyənlər), digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutanlar, hüquq sahəsində elmi dərəcəsi olanlar, maliyyə, iqtisadi, texniki, kriminalistika, tibbi, pedaqoji, kargüzarlıq sahələri üzrə vəzifələrdə xidmətə qəbul edilənlər yalnız müsahibə əsasında, test imtahanı keçmədən xidmətə qəbul olunacaqlar. Bu kateqoriyalar istisna olmaqla, namizədlər sıravi, kiçik, orta və böyük (polis polkovniki istisna olmaqla) rəis heyəti vəzifələrində xidmətə müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir. Müsabiqəyə ali hüquq təhsilli və digər ixtisasları olan ali, orta-ixtisas, habelə tam orta təhsilli şəxslər buraxılırlar. Nazirliyin Polis Akademiyasının məzunları, xarici dövlətlərin xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş nazirliyin əməkdaşları, eləcə də daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş şəxslər istisna olmaqla, digər ali təhsil müəssisələrini bitirmiş sıravi və kiçik rəis heyətindən olan əməkdaşlar orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul üçün elan olunmuş müsabiqədə ümumi əsaslarla iştirak edirlər. Müsabiqədən keçmiş böyük və orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunan şəxslər - Nazirliyin Polis Akademiyasında, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul olunan şəxslər - Nazirliyin A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində xüsusi kurslara cəlb edilirlər.

Orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi məqsədi ilə nazirlikdə daxili işlər nazirinin sədrlik etdiyi 9 nəfərdən ibarət Mərkəzi Müsabiqə Komissiyası yaradılır. Komissiyanın tərkibi sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla, daxili işlər naziri tərəfindən təsdiq edilir. Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir. 

Aktual.az

Xəbər 997 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR