"Üçtərəfli görüş Azərbaycanın gücünü bir daha ortaya qoydu” - Azər Verdiyev


Azərbaycan paytaxtı iki gün ərzində önəmli tarixi görüşlərə şahidlik etdi. Avqustun 7-də İran İslam Respublikasının prezidenti Həsən Ruhani Bakıya rəsmi səfərə gəldi. Səfər müddətində İran və Azərbaycan prezidentləri həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirdilər. Geniş tərkibli görüş başa çatandan sonra Azərbaycan-İran sənədləri imzalandı. Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər.

Avqustun 8-də isə Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfərə gəldi. Bu səfər müddətində Rusiya və Azərbaycan prezidentlərinin görüşü keçirildi. Görüşdə hər iki ölkənin yüksək çinli dövlət məmurları iştirak etdilər. Daha sonra əvvəlcə Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü oldu. Bundan sonra Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tarixdə ilk dəfə olaraq üçtərəfli zirvə görüşü keçirildi. Günün sonunda isə diqqətçəkən önəmli hadisə baş verdi. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini evinə çay süfrəsinə dəvət etdi.

İki gün ərzində Bakıda keçirilən önəmli görüşlərlə bağlı münasibət bildirən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev tarixdə ilk dəfə baş tutan üçtərəfli görüşün regionda yeni siyasi və iqtisadi proseslərin başlamasına səbəb olacağını dedi: “Azərbaycanın rolu, bu regionda yeri kifayət qədər yüksəkdir, yüksək qiymətləndirilməlidir və qiymətləndirilir. Çünki Azərbaycan belə şərait yaradır. Azərbaycanın ərazisindən bütün layihələr keçəcək. Azərbaycan bu ölkələri birləşdirir. Bu özü-özlüyündə Azərbaycanın rolunun mühüm göstəricilərdir. Mürəkkəb geosiyasi durumun hökm sürdüyü bir dövrdə coğrafi cəhətdən riskli regionda yerləşən Azərbaycan, Rusiya və İran üçün əsas hədəf regiondakı münaqişə ocaqlarının sülh yolu ilə, beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanaraq həll olunmasıdır. Bu gün Rusiyaya da, İrana da müxtəlif sanksiyalar tətbiq olunur. Bu gün Rusiya öz iqtisadi məsələlərinin həllində məhz bu dəhliz vasitəsilə Avropa, istər qərb, istər şərq, istərsə də cənub istiqamətində müvafiq işlər görə bilər. Üçtərəfli görüş Azərbaycanın gücünü bir daha ortaya qoydu”

Xəbər 610 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR