“Cəmil Həsənli mövcud olmayan təşkilatdan necə gedir?” - DEPUTAT

“Cəmil Həsənli mövcud olmayan təşkilatdan necə gedir?” - DEPUTAT

Cəmil Həsənli açıqlama verib ki, "Milli Şura”nın sədri vəzifəsindən gedirəm. Deyib və dayanıb. Təfsilatını incələməyib. Yəni, hansı "Milli Şura”dan, harada mövcud olan "Milli Şura”dan, nə cür fəaliyyət göstərən "Milli Şura”dan uzaqlaşdığını ərz eləməyib.
Nə deyim, bilmirəm. Bunların paranoikliyi həqiqətən artıq hallusinasiya mərhələsinə qədəm qoyub. Yuxularını suya danışmaq əvəzinə feysbuka yazırlar. Baş gedib, proqram itib, ovqat nağıllar aləminə köklənib. Üstəlik, bir-birlərinə elə dəstək mesajları, şərhləri yazırlar, məlumatsız adam zənn edər, haqqında danışılan "Milli Şura” dəhşətli təşkilat-zaddı. Misal üçün, Gültəkin məlum mövzu haqda geniş bəhs edib. Hətta bir az da irəli gedərək hadisələri vəsf edib. Deyib ki, əslində özünün sədr olmasını qətiyyən istəmir. Baxmayaraq, təklif olunub. Amma istəmir. Sonra nəsə yazıb, ardınca yenə qeyd edib ki, istəmir. Qısası, 24 cümlənin 23-ü onun həmin postu istəməməyi ilə bağlıdır. Və bu statusun içində o qədər səbatsız pafos, o qədər diletant gəzişmələr, o qədər nazlı-qəmzəli İSTƏMƏMƏKlər var ki, Hacıbəyli qaraladığı mənasız söz yığınını " İstəmək nədir e, ürəyim gedir”- kəlməsi ilə ifadə etsəydi daha səmimi görünərdi. Amma nə səmimiyyəti? Gültəkin hara, səmimiyyət hara? Gültəkin dağda, səmimiyyət aranda.
 
Əlqərəz, mövzudan yayınmayım. Cəmilin açıqlamasından danışırdım. Adam ciddi-ciddi deyir, filan postdan gedirəm. O postdan ki, ümumiyyətlə mövcud deyil. Və ətrafda da 3-5 qaraguruh dirəşib, getmə.
 
Hardan getmə? Necə getmə? Ruhlamı idarə olunur bu təşkilat? Ulduzlardan ulduzlara elektrik keçirməkləmi tənzimlənir fəaliyyətləri? Buludların üzərindədirmi ofisləri? Məramnamələri, nizamnamələri, əsasnamələri qaranəfəs Qənimətin baxışındakı QR kodlamı oxunur?
Yoxdur, "Milli Şura”. Heç zaman da olmadı. Ha şişirtmək, bəzəmək, diriltmək istədilər, yenə olmadı. Bundan sonra da olmayacaq. Hə, anlayıram, öz aləmlərində nəsə mövzu tapıb ictimai rəyə sırımağa çalışırlar. Amma alınmayacaq. Çünki sıfırı 5-ə də, 10-a da, 50-yə də vuranda yenə sıfır edir.
 
Amma illah rotasiya eləməyə qərarlıdırlarsa, o zaman mövzunu məncə hava proqnozuna uyğunlaşdırsınlar. Məsələn, çiskinli havada sədr Gültəkin olsun, küləkli havada Vidadi, dəniz havasında Kərimli. Ya da nə bilim Hacıbəyli evdə paltar-filan ütüləyəndə səlahiyyətlər avtomatik Yaqubluya keçsin. Üstəlik, hesab edirəm, Həsənlinin də London küçələrində siyasi bomj xidmətləri nəzərə alınmalıdır və ona fəxri də olmasa barı fərsiz sədr – simvolik statusu verilməlidir.
Ən sonra isə "Milli Şura” adında bu urvatsız dərnəyin nümayəndələrinə bir neçə stimullaşdırıcı təklif vermək istəyirəm:
 
Birincisi - Neynirsiz edin, bircə Saturn və Yupiterdəki filiallarınızı bağlayın. Yerlə kifayətlənin. Çünki sizin "genişmiqyaslı” fəaliyyətinizi izləmək çətin olur.
 
İkincisi-  Aranızda bundan sonra qafiyəni ilk kim açacaqsa həmin adama tapşırın ki, əynindəki paltarların qiymətinə uyğun davransın. Məsələn, Gültəkin 3000 dollarlıq ayaqqabı ilə rifahdan-filandan bəhs etməsin. Ya da Əli Kərimli öz feysbuk səhifəsində övladı ilə şəkil çəkdirib paylaşanda, uşaq pulundan danışanda məlumu olsun ki, elə öz uşağının əynindəki qısaqol köynəyin qiyməti nə az-nə çox, düz 2 min avrodur. (həmin şəkil hələ də səhifəsindədir)
 
Üçüncüsü –  "Milli Şura”ya Gültəkinin sədr gətiriləcəyi dəqiqdir. Amma bu şıltaq qıza deyin, axmaq-axmaq statuslar yazıb özünü açığa verməsin. Yəni, artistlik eləməsin. Zatən məlumdur ki,  qaraguruh binəvaların özlərinə bənzər beynəlxalq dəstəkçiləri də, digər stimulvericiləri də aylardır həmin mənasız konsepsiyanın üzərində çalışırlar.
Nəhayət, dördüncüsü – Gültəkinin sədr seçiləcəyi təqdirdə Əli Kərimli kim olur bəs? Lülə qurudanmı, çəltik qoruyanmı, yoxsa ağcaqanad qovlayanmı? – Bir zəhmət, bunun da açıqlamasını verin.
Belə.
 
Elşən Musayev, Milli Məclisin deputatı.
Xəbər 1506 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR