Son illərdə ilk dəfədir ki, ədəbiyyat üzrə Nobel laureatı bu qədər vicdan və ədalətlə seçilir. Bəli, hamının özünü yazar saydığı dünyada ədəbiyyat üzrə Nobel mükafatı məhz musiqiçiyə verilməli idi! Bu, o qədər müdrik bir qərardır ki, Süleyman padşahın ədalət müntəxəbatı sayılan hökmləri bu addımın yanında penaltini görə bilməyən hakimin xətasına oxşayır.
Bob Dilan nəhəng musiqiçidir, çox ödüllərə layiqdir, amma məhz ədəbiyyat üzrə Nobel mükafatının ona verilməsi bu deməkdir ki, vəssalam, daha müasir dünyada ədəbiyyat ölüb. Sözün hər mənasında kitab bağlanmaq üzrədir. Bob, dillən və ədəbiyyat üçün bir fatihə oxu, özü də rok üstündə!
Bəli, ədəbiyyat ölür və onu siz öldürdünüz, cənab və xanım özünüyazarsayanlar. Hər yuxusu qaçanın yazmaq iddiasına düşdüyü dünyada ayrı cür ola da bilməzdi, bilməyəcəkdi. Hara baxırsan, hər yanda yazarlar qaynaşırlar. Kitabın oxucu üçün yazılması düşüncəsi artıq keçmişdə qalıb. İndi hamı kitabı özü üçün yazır, 300-500 tirajla darc edib, olur "yazar” – bu söz necə də təntənəli səslənir, ilahi - YAZAR!
Cəmiyyətdə yazarlar o qədər çoxdur ki, məsələn, vərəqdən quş düzəldib, pəncərədən uçursan, gedib bir yazarın başına qonacaq; metro basabasında təsadüfən kiminsə ayağını tapdalasan, yazar çıxacaq; telefonda feysbuku açıb, gözünü yumub, barmağını ekrandakı statuslardan birinin üstünə qoysan, məlum olacaq ki, yazar statusudur... "Torqovı”da qollarını yanlara açıb, ürəklə gərnəşsən, azı 2 yazarı zədələmək ehtimalın böyükdür. Ona görə də, unutmayın: ictimai yerdə gərnəşmək olmaz!
Ətrafa boylansan, hər cür yazar var: gənc yazar, qoca yazar, alçaq yazar, uca yazar, əyri yazar, dik yazar, kök yazar, arıq yazar, saqqalı yazar, bığlı yazar, yağlı yazar, eynəkli yazar, köynəkli yazar, şortikli yazar, alagöz yazar, çatmaqaş yazar, bakirə yazar, axsaq yazar, axmaq yazar... amma... amma yazı yoxdur, dost, yazının özü yoxdur!
Məsələ nədədir? Ondadır ki, tutalım, Hüqonun vaxtında kitab çap etdirmək baha idi. O qədər baha idi ki, həqiqətən yazıçı olmayan adam iflasa uğramamaq üçün bu işə girişmirdi. Bu gün kitab çap etdirmək çox ucuzdur – 5-6 toya getməyib, pulunu yığsan, bir kitab buraxdıra bilərsən. Və olarsan yazar! Hüqo da yazardır, sən də - bundan dəhşətli nə ola bilər?!
Son iki əsrdə yazar peşəsinin təkamülü dinozavrlardan quşlara doğru gedən yolu xatırladır. Təsəvvür elə ki, meşəyə girirsən və sənə doğru nəsə nəhəng bir varlıq gəlir, addımını hər atanda yer titrəyir, nə olduğuna baxmaq üçün başını qaldırsan, papağın düşər; və bir də təsəvvür elə ki, meşəyə girirsən və bir dəstə quş "pırrr...” eləyib bulud kimi havaya qalxır, sən nə olduqlarını görə də bilmirsən, çünki bunlar heç sərçə də yox, hərəsi 2-3 qram çəkisi olan kolibridirlər.
Elə çıxmasın ki, mən təkcə bizdəki yazarlardan danışıram, yox, bütün dünyada belədir. Əslində yazmaq – işin texniki icrasıdır, əsas olan düşünməkdir, daha doğrusu, düşünmək olmalıdır. Amma indi yazarın əziyyəti onun ancaq barmaqlarının faydasız iş əmsalı ilə ölçülür, prosesdə beyinin iştirakı qalmayıb. İndi "yazmaq” dediyin proses barmaqdan başlayır. Ona görədir ki, kitab mağazasına girəndə minlərlə kitabın arasından oxumağa heç nə tapmayıb çıxırsan, gedib yenə də klassikanı vərəqləyirsən.
Sual isə ikidir: dünya bu qədər yazarı nə eləyir və bu qədər yazarlar dünya ilə nə edirlər? Məsələn, elə həmin Hüqonun əsərində qoyduğu bir sual, yaxud təsvir etdiyi bir epizod ictimai-siyasi formasiyanı dəyişəcək gücdə impulslar yarada bilirdi. Çünki o, ədəbiyyat dinozavrının nərəsi idi, indi isə kolibrilər uçuşurlar. Son illərdə dünyada bestseller olan əsərlərdə hansı suallar qaldırılır, hansı problemlər qoyulur? Təxminən bunun kimi: Əgər oğlan sevdiyi qızı başqa qızla tutubsa, bu xəyanət sayılır, ya yox?
Acı da olsa, həqiqətdir: son illərdə Nobel alanların heç biri ona layiq deyildilər. Neçə il idi ki, bütün proses Bob Dilanın Nobel almasına doğru gedirdi. Çünki o, musiqiçi olsa da, yaratdığı əsərlər barmaqdan başlamır, ürəkdən və beyindən gəlir. Ona görə də, sənətkar saldı gitarasını boynuna, aldı, görək, nə dedi...