BEŞ SANİYƏ...

BEŞ SANİYƏ...

 Zemfira Məhərrəmli

 

Bu hekayəmi İstanbulda olarkən Van zəlzələsi ilə bağlı fotosərgiyə baxdıqdan sonra qələmə almışam. Səmiha Karadumanın ana olmasına bircə ay qalmışdı. Bətnində gəzdirdiyi, canından bir can olan kiçicik varlığı indidən sevə-sevə əzizləyir, dünyaya göz açacağı günü səbirsizliklə gözləyirdi. Nəbzi ciyərparası ilə bir vurur, çöhrəsindən gülüş əskik olmurdu.


Bapbalaca ayaqları ilə ana bətnini döyəcləməsi, sürətli hərəkətlə qıvrılıb-aşılaraq müxtəlif şəklə düşməsi və yenidən sakitləşib öz doğma "yuva”sında uyuması Səmihanı çox sevindirir, qəlbini munis hislər bürüyürdü. "Tezliklə balam doğulacaq, gül ətrini doyunca qoxulayacağam”,--deyə düşünür, özünü dünyanın ən xoşbəxt qadını sanırdı. Həkimlərin dediyinə görə, bir qız cocuğuna sahib olacaqdı. Vaxt yaxınlaşdıqca qayğıları da artırdı. Körpəyə veriləcək addan tutmuş ona ilk günlərdə qulluq göstərilməsinədək bütün incəlikləri ölçüb-biçir, götür-qoy edirdi. Həyat yoldaşı öz anasının bu işdə yardımçı olmasını istəyirdi. "Anam altı uşaq böyüdüb, bizim balamıza da kömək əli uzadar”, – deyirdi.

Səmiha bu təklifdən çox məmnun olmuşdu. Erciş mahalında yaşayan, ixtisasca həkim olan qayınatası zəng edərək vəziyyəti soruşmuşdu. O, gəlininə məsləhət görmüşdü ki, uşağı dünyaya gətirmək üçün yaşadıqları Sivasdan Ercişə gəlsin. Gənc ailə bu məsləhətə qulaq asaraq, az sonra valideynlərin ziyarətinə gəlmişdi. Körpənin doğulacağı klinika ayırd edilmiş, müəyyən hazırlıq işləri də görülmüşdü. Vaxt-vədə tamam olmuş, gəlişi ilə ata-anasına, nənə-babasına bir dünya sevinc bəxş etmiş balaca Əzranı gül-çiçəklə qarşıladılar. İlk iki ayı cocuğun baba evində qalmasına qərar verilmişdi.

"Pis günün ömrü az olar”,--deyiblər. Amma bu dəfə xoş günlər uzun sürmədi. ...Səmiha körpəsinə təzəcə süd verib qolları üstündə uyutmuşdu. Gözünü balasından ayıra, müşk-ənbər qoxusundan doya bilmir, üzünün zəif gizgilərinə tamaşa edirdi. Uşaq qucağında ikən birdən ayaqları altından yer qaçdı. Cocuğu köksünə sıxıb qapıya tərəf qaçmaq istədi. Yeraltı təkanlar davam etdikcə güclü zəlzələ baş verdiyini anladı. Var qüvvəsi ilə çölə çıxmağa, mənzili tərk etməyə can atırdı. Dəhşətli uğultu, gurultu səsləri, müxtəlif mərtəbələrdə çaş-baş qalmış insanların çığırtısı, ah-naləsi aləmi bürümüşdü. Sanki indicə dam-daş, hündür divarlar, pəncərələr, eyvanlar çartıltı ilə bir-birindən aralanıb dağılacaqdı. Özünü toplayıb qapıya yaxınlaşarkən bina çökdü. Ananın və on dörd gün öncə doğulmuş körpə Əzranın ətrafına beton yığınları, daş qalaqları uçub tökülürdü. Yaxşı ki, hər ikisi darısqal bir boşluqda qalmışdı və rahat nəfəs ala bilirdi. Dağıntıların törətdiyi toz-torpaq, vahimə doğuran qatı qaranlıq göz açmağa imkan vermirdi. Beşcə saniyə ərizndə hər şey alt-üst olmuşdu. Səmiha özündən çox balasını düşünürdü. Bu məsum yavrucığazın günahı nəydi? Dəqiqələr, saatlar ötdükcə Əzranın əhvalı qarışır, üşüyür, qızdırırdı. Daş-kəsək, taxta parçaları Səmihanın qollarını qanatmış, ayaqlarını yaralamışdı. Ana körpəsini əmizdirir, südünün son damlasını belə əsirgəmirdi. Onun dodaqları qupquru qurumuş, taqətdən düşmüşdü. Artıq iki gün idi ki, ac-susuz qalmışdı, südü artıran heç nə yoxuydu. Bəs vəziyyətdən necə çıxsın, cocuğunu necə ovutsun? Ağlına qəribə bir fikir gəldi və ağız boşluğunda udquna-udquna yaratdığı tüpürcəyi ilə balasını yedizdirməyə başladı.

Susuzluqdan yanan qızcığaz bu "qida”dan azca duruxdu. Ağzına düşən damcıların ana südü olmadığının fərqində idi, deyəsən. Ən təhlükəlisi o idi ki, bəzən xırda daşlar aşağı yuvarlanırdı. Səmiha göz-gözü görməyən zülmətdə əllərinin yüngül təması ilə balasını yoxlayır, onun zədələnmədiyindən arxayın olmaq istəyirdi. Cocuğu aramla yedizdirir, başına sığal çəkir, soyuqdan buz kimi olan yumru ayaqlarını ehmalca ovuşdurur, titrək əllərini ovcuna alıb dodaqlarına yaxınlaşdırır , nəfəsi ilə isidirdi.

Günün hansı vədəsi--gecə yaxud gündüz olduğunu dərk edə bilmirdi. Bir sözlə, vaxt məfhumunu itirmişdi. İtirilməyən isə təkcə ümid idi. Axıradək çarpışan, sonadək duruş gətirən ümid. Balaca Əzra ilə xilas olacağı anın intizarında idi. Dağıntılar altında qaldıqları ilk dəqiqələrdən bu inam onu nədənsə tərk etməmişdi. Uca yaradana üz tutub kömək diləyirdi. Darısqal arakəsmədə hərəkət etməyə, addım atmağa, oturmağa imkan yoxuydu. Elə düşdüyü vəziyyətdə də qalmışdı: ayaq üstə, uşaq qucağında. Ayaqları, qolları keyiyib az qala odun parçasına dönmüşdü. Sağ qalmaları üçün bütün gücünü toplayıb olumla ölüm arasında çarpışırdı. Bu arada Əzra bərk ağlamağa başladı. Anası onu kiridə bilmirdi. Körpə heç cür aram olmur, qıyya çəkib elə bil yeri-göyü köməyə çağırırdı. Səmiha sağına-soluna səpələnmiş daş-kəsəyə əlləri ilə bəlkə yüzüncü dəfə toxunur, bu keçilməz səddi nə olur olsun yarmaq, övladını ölümdən qurtarmaq istəyirdi. Fəqət bu mümkünmü? Birdən lap yaxından danışıq səsləri və itlərin hürüşməsini eşitdi. Ona elə gəldi ki, beton qalıqları təmizləyib itkin düşənləri axtarırlar. Arxaya qanrılanda isə .... kiçik bir dəlikdən işıq düşdüyünü gördü. Bu həyat işığı Əzranın çöhrəsini də aydınlatdı. Artıq nicat yolu tapılmışdı! Səmihanın qurtularkən ucadan dediyi:

"Nə böyük xoşbəxtlik! Uca tanrım, Sənə minnətdaram!” – nidaları dağa-daşa yayılmış, ətrafdakı hər kəs onları görməyə tələsmişdi. Sonrakı olaylar isə zəlzələ bölgəsindəki xilasediciləri və həkimləri şoka salmışdı. Onlar dağıntılar altından sağ-salamat çıxarılmış anaya və onun ciyərparasına heyranlıqla baxırdılar. Bu, əsl möcüzə idi! Həyat verən və qoruyan Allah onları hifz etmişdi. Əzranı həkim nəzarətinə götürüb, 14 günlük qızcığazın qidalanması və müalicəsi qayğısına qalmışdılar. Ananı da müayinə edib yaralarına məlhəm, sarğı qoymuşdular. Az sonra ana və balanı müalicə üçün vertolyotla Ercişdən Vana, oradan isə təyyarə ilə Ankaraya gətirdilər. Ailə üzvləri onlarla paytaxtda görüşəcəkdi. ...Təyyarədə uçuş zamanı Səmiha bir an gözünü balasından çəkmir, həkimdən onun sağlıq durumunu xəbər alırdı. İndi bütün olub-keçənlər dəhşətli bir filmin gərgin, cansıxıcı epizodları kimi gözü önündə canlanırdı. O ümid dolu saatların hər saniyəsi bəlkə bir insan ömrünə bərabər idi. Nə yaxşı ki özündə təpər tapıb balasının sağ qalması üçün ağlı kəsən hər şeyə əl atmışdı. Həm də nə yaxşı ki Əzra vaxtından iki həftə əvvəl doğulmuşdu. O, ana bətnindəykən zəlzələnin qurbanına çevrilsəydi, onda taleyi necə olardı? Dağıntılar arasında qalıb doğuş ağrıları çəkən hamilə qadına kim kömək edərdi? Şükürlər olsun ki, artıq bu nədənlər cavablanmayacaqdı və hər şey geridə qalmışdı. Təyyarədə onlarla birgə uçan şəxslər Vanda 7,2 bal gücündə baş vermiş zəlzələnin acılarından, bəlaya düşən insanların aqibətindən danışır, xilasedicilərin dağıntılar altında yaşanan daha bir dəhşətli hadisə ilə qarşılaşdıqlarını nəql edirdilər. Ata, ana və onların iki övladı zəlzələyə mətbəxdə birgə nahar edərkən tuş gəlmiş və onların dördü də uçan binanın altında qalmışdı. Xilasedicilər ailə üzvlərinin cansız bədənlərinə rast gələndə gördükləri kədərli mənzərədən üzülmüş, göz yaşlarını saxlaya bilməmişdilər. Cəsədlər beton blokların altından tapılmış, əl-ələ verdiklərindən onların meyitləri bir-birinə bitişmiş halda aşkar edilmişdi. Bu, tamamilə məhv olmuş həmin ailənin üzvlərinin ölümqabağı son dəfə bir-birinə sədaqətinin, sevgisinin izharı, həmrəyliyinin nişanəsi idi. İyirmi yaşlı tibb bacısı, əslən azərbaycanlı olan, bu dağıdıcı təbii fəlakətdən azca əvvəl Erciş qəsəbəsinə gəlin köçmüş Vüsalə Çalışqanın isə üzərinə ağır beton düşmüş, o, beş saat çəkən axtarışdan sonra, bir qolunun kəsilməsi hesabına uçqunlar altından çıxarılmışdı. Daha nələr, nələr... Səmiha bitib-tükənməyən bu üzüntülü olayları eşitdikcə bir daha sarsılır, için-için ağlayır, göz yaşları yanağı boyunca süzülürdü. Bir an özünə gəlib, məhəbbət dolu nəzərlərini qızına sarı yönəltdi. Balaca mələklərə bənzəyən, başı müsibətlər çəkmiş, ölümdən qayıtmış körpə Əzra indi isti bələkdə rahatca uyuyurdu...

Xəbər 11330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR