"Azərbaycan Qafqazda bizim üçün şəbəkə ola bilər".
Aktual.az xəbər verir ki, bu fikri "Report"a müsahibəsində Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl-Qubaysi deyib.
Onun sözlərinə görə, bu il ölkələr arasında ticarət dövriyyəsi 40 milyon dollar təşkil edib: "Ölkəmiz gəncdir və ticarət əlaqələrini qurub inkişaf etdirmək üçün bizə vaxt lazım gəldi. BƏƏ və Azərbaycanın imkanlarını nəzərə alanda, bu, azdır. Bununla barışa bilmirəm, gərək bu rəqəmi artıraq".
Turizm əlaqələrinin potensialı barədə danışarkən səfir Azərbaycanın BƏƏ-dən olan turistlər üçün bir çox cəlbedici yerlərə malik olduğunu qeyd edib: "Ölkə əhalisinin yarıdan çoxu turist kimi digər ölkələrə gedir. Əmirliyin sakinləri ildə iki dəfə harasa istirahətə yollanır. Azərbaycan və BƏƏ arasındakı yaxın münasibətlər və birbaşa reyslərin sayının kifayət qədər çox olması bizə, hətta həftəsonlarını Bakıda keçirməyə imkan yaradır".
Eyni zamanda M.Əl-Qubaysi vurğulayıb ki, 2014-cü ildə 6376 azərbaycanlı BƏƏ-yə səfər edib. O, həmçinin Azərbaycanın Dubayda keçiriləcək EXPO-2020 sərgisinə cəlb edilməsi yönündə işlərin davam etməsi barədə də məlumat verib.