Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndidilən Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə S.Hacıyev özünü təqsirli bildiyini deyib: "Özümü təqsirli bilirəm, peşmanam. Qadını qısqanclıq zəminində öldürdüm. Onun atası da yaxın münasibətdə olduğumuzu bilirdi. Sonra Samirəni qısqandığım üçün öldürdüm. Atasını da oradı idi deyə bıçaqla vurdum. Əvvəl ora gedəndə öldürmək məqsədim yox idi".
Daha sonra qətlə yetirilən qadının qardaşı dindirilib. O bildirib ki, hadisədən sonra xəbər tutub: "Mənə hadisə barədə zəng edib dedilər. Hadisə yerinə gələndə artıq bu qanlı olay olmuşdu. Bacım Samirə 2016-cı ildə ərə getmək istədiyini dedi. Razı oldum. Onlar ailə qurandan sonra bildim ki, Sahib daha əvvəl evli olub. Atam bacımın onunla evlənməsinə razı deyildi, dəfələrlə Sahibi döyüb, qovub".
Qeyd edək ki, ötən il Abşeron rayonu, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin S.Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan S.Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.
Xəbər 2280 dəfə oxunub.