Babamı doxsanlar öldürdü...

Babamı doxsanlar öldürdü...

Həmin gün adət elədiyi kimi tezdən oyanıb, həyət-bacaya tərəf boylanmadı. Sevdiyi bağına, güllərinə sarı heç getmədi. Yuqoslaviyadan gətirilən kostyumunu çox səliqəli ilə geyinib, özünə sığal çəkib, nəsə gözləyirdi. Hərəkətlərindəki tələsgənlik gözə girirdi. Gözlədiyi hansısa sevincli xəbərin axır ki, gəlib çıxdığı günün saatlarının bitməyini istəyirdi. Heç ağlına da gəlmirdi ki, bu yaraşıqlı görünüşü ilə ölümünə tələsirdi. Dilrubə nənəm ona qulluq edə-edə nə isə desə də dilucu cavab verirdi, fikri burada yox, o xəbərin yanında idi. Özünə yer tapa bilmirdi, çox erkəndən bəzənmişdi deyə, hövsələsi daralırdı, tez-tez yaxasını səliqəyə salırdı. Qəfil xəbər gəldi! O, bu xəbəri heç gözləmirdi, onsuz da əsəbi tarım çəkilən babam yerindən sıçradı, güllə kimi həyətdən çıxdı. Bu onun darvazadan sonuncu çıxmağı idi.

Mən doğulana kimi olan olmuşdu. Dərd batmanla gəlib, indi mən böyüdükcə misqal-misqal çıxırdı. Doğulduğum il Tərtər müharibənin düz mərkəzində idi. Qanlı döyüşlər, şəhidlər, yaralılar, qaçqınlar, evlərdən ərşə çıxan ağılar və məğlubiyyətin kişiləri başıaşağı etməsi, müharibə adını eşidib dabanına tüpürüb Rusiyaya qaçanlar, üstəlik Bakıda baş verən siyasi hadisələr 92-93-cü illərin havası idi. Babam məni çox istəyirdi, adımı nənmdən aldı, soyadımı özü adıyla caladı. 7 dekabrda doğulsam da, nədənsə, doğumumu 10 yanvar tarixinə qeyd etdirdi. Mən 92-də doğulsam da, rəsmən 93-ün uşağı oldum. Ən yeni tarixin ən qanlı-qadalı illəri taleyimə yazıldı. Bax o illər dərd batmanla gəlmişdi.

Mən özümü dərk edəndə artıq bu qan-qada arxada qalmış, acı xatirə kimi dilləri bəzəmişdi. İnsanlar xoş bir şeydən danışa bilmirdi. Hər gün güllə səsləri, qəfil kasıblayanların pərişanlığı, işığın tez-tez kəsilməsi, qazın olmaması hamını çaşdırmışdı. Onlar belə günləri ilk dəfə yaşayırdılar, sovet dövründə hərə bir yolla babat dolanırdı, hind filmlərinə baxıb kövrəlirdi, rəhbərlər haqqında yavaşca lətifələr danışıb, gülürdü, kababı, arağı, "importnı” malı da öz yerində. Birdən bütün bunlar yox oldu. Kənd elə bil canlı məzarlığa dönmüşdü, yaz gələndə təbiət oyansa da insanlar oyanmırdı. Elə bil zombiləşmiş halda gəzirdilər. Toyu da, yası da eyni əhvalla yola verirdilər. Hə, məhz yola verirdilər. Bircə babamdan başqa. O dərddən qorxmaq əvəzinə, enli sinəsini qabağa verib, qohum əqrəbanı başına yığıb tez-tez məclislər düzəldərdi ki, camaatın eyni açılsın. Əvvəllər altı-bazar ailəsini Kəlbəcərə aparan babam indi o günlərin xiffətini çəkirdi, amma özünü o yerə qoymurdu. Bu başdan o başa süfrə açılırdı, Qarabağın tərifli kababı süfrəyə düzülürdü. Babam hamını dindirib, danışdırıb bir toxtatmaq istəyirdi.

O, sovet dövründən buyana imkanlı idi, kolxoz sədri işləmişdi. Sovetin laxladığını görüb böyük quşçuluq müəssisəsi açmışdı. Ona görə imkanı yaxşı idi. Elə o quşçuluq müəssisəsinin idarə binasını qaçqınlar gələn kimi onlara vermişdi. Bir gözü də onlarda idi. Təki rahatlıq tapsınlar, işləsinlər dolansınlar… Elə həmin gözləmədiyi və onu evin darvazasından axırıncı dəfə çıxaran da həmin xəbər idi.

İlkin nəvə idim deyə məni bir az da qudurtmuşdu. Ona arxayınam deyə ağlıma gələni edirdim, qonum-qonşuda olan uşaqlara toy tuturdum.
Yumurta yeməyi çox sevirdim. Çox sözü bir az az gəldi, məncə lap çox. Anam ziyanından qorxub yumurta payımı azaldırrdı, səsimi başıma atan kimi babam hamını danlayırdı. Ardınca nə qədər yumurta var, hamısından qayğanaq eləyib tökürdülər qabağıma.

Hərdən ünvansız uzaqlara baxırdı, özü də bilmədən əlini ürəyinə tərəf aparıb, sinəsini möhkəm sığallayırdı. Ağrını içində saxlayırdı, həb-dərmanla az-maz toxtayırdı. Həmin gözləmədiyi xəbərin gəldiyi gün o necə tələsik çıxdısa dərmanını da götürmədi. Bəlkə dərmanı yanında olsaydı, o yenə həmin darvazadan içəri qayıdardı.

Nənəm babamı çox sevirdi. Sevgini bircə yolla bildirə bilirdi o da növ-növ ləzzətli yeməklər bişirməklə. O vaxtın adamları bir-birinə "sevirəm” demirdi ki, hansısa əməllə göstərirdi. Nənəm bütün günü mətbəxdə, təndirdə əlləşib böyük süfrə açırdı. Bilirdi ki, babam qonaqlı-qaralı gələcək. Kişi yedikcə gizlin həzz alırdı, sevinirdi. Babam da sevgisini ona bahalı, o vaxtı tapılmayan paltarlar, qızıl almaqla göstərirdi. Amma ən böyük sevgisini göstərən əməli ilk nəvəsinə onun adını qoyması oldu. Elə həmin gözləmədiyi xəbərin gəldiyi səhər də nənəm babama əməlli başlı səhər süfrəsi açmışdı. Amma həmin gün babam ürəksiz yeyirdi, vaxtın gəlib keçməməsi onu yeməkdən də soyutmuşdu.

Cəbhə bölgəsinin adamları yavaş-yavaş bu həyata öyrəşirdilər, hərə bir yolla güzəran düzəldirdi özünə. Elə bil müharibə xofu yavaş-yavaş çəkilirdi, camaat heyvan saxlayıb, əkin əkib dolanışıqlarını rahlayırdı. Artıq mağazalar da bol idi. Rəngbərəng şirniyyatlar, oyuncaqlar gözə dəyirdi. Babam da bizi maşına doldurub aparırdı Tərtərə, oyuncaq alırdı. Bir dəfə yenə hamıdan seçilmək üçün mən daha çox oyuncaq götürüb, o birilərinə acıq verdim. Babam buna çox hirsləndi, əlimdən tutub çölə çıxardı və mənə yüngülcə şillə vurub "adamın gözü tox olar” dedi. İlk dəfə idi babamı belə görürdüm. O heç vaxt mənə səsini belə qaldırmamışdı, o da qaldı vura. Sonra özü də etdiyindən peşman oldu. Tez əlini sinəsinə sıxdı, cibindən dərman çıxarıb dilinin altına qoydu. Onda nə baş verdiyini anlamırdım. Ən çox sevdiyim adamdan qırılmışdım. Həmin səbəbləri sonralar anlayacaqdım. Onu içdən sıxan, əsəbi edən qazandığını so qəpiyinəcən əlindən alınması idi. Onu aldatmışdılar, əsəb ona rahatlıq vermirdi. Aldanmağı ilə barışa bilmirdi, ürəyi ona görə tez-tez ağrıyırdı. Elə həmin gözləmədiyi xəbərin gəldiyi gün o hazırlaşıb həmin məsələnin arxasınca getməyə tələsirdi. Haqqını geri qaytarmaq istəyirdi. O gün məhz sonuncu gün idi və aldadan adamlar ondan götürdüklərini qaytaracaqdılar. Ona görə vaxtın tez keçməyini istəyirdi.

Həmin gün qəfil xəbər gəldi ki, müəssisədə yerləşən qaçqınlardan bir qıza əsgərlər söz atıb. Aləm dəydi bir-birinə. Babam tələsik evdən çıxıb özünü ora çatdırdı. Əlində yaba, həmin əsgəri axtarırmış ki, öldürə. Əsəbdən ağzı köpükləmişdi. Birtəhər onu sakitləşdirib, otağına aparıblar. Hadisəni bilən əsgərlərin komandiri otağa gəlib. Babam komandirlə kobud danışıb, tutaşıblar. Sonra komandiri otaqdan çıxarıblar. Babam ciblərini xeyli gəzsə də, dərmanı tapmayıb.

Atam özünü ora çatdıranda artıq babam ölmüşdü.

Babamdan sonra həyətimizdə həyat dayanıb; nə əkdiyi ağaclar qalıb, nə güllər. Öləndə əlli altı yaşı var idi babamın, mən elə bilirdim ki, o dünyanın ən yaşlı adamıdır və hər şeyi bilir. Sən demə bilmirmiş, bilsəydi xəstə olan, ona ağrı verən ürəyini müalicə etdirərdi. Həmin gündən 20 il keçib. Haqqında danışılanları eşidib, anlayıram ki, onu 90-cı illər öldürüb. Qanlı, qaçqınlı, ağrılı, adamların simasını itirdiyi, çaş-baş qaldığı 90-cı illər. Bir az səbirli olsaydı, indi də bizimlə olardı. Amma, 90-cı illər kimdə səbir qoymuşdu ki? Vətəni qorumaq üçün hər şeyini atıb cəbhəyə gedənləri, şəhid olanları, yarıcan qayıdan qaziləri görüb, müharibənin ağrısını yaşayan adamlardan səbir gözləmək olar?

Babam kimi adamlar elə ayaq üstə, qəfil ölürlər! Necə şəstlə gəzirdisə, heç kimin qabağında baş əymirdisə, ölümü də ayaq üstə qarşıladı. Bizi, ən çox da məni-sevdiyi nəvəsini də düşünmədi. Bəlkə həmin vaxt yanında ola bilsəydim, həmişəki kimi onunla işə getsəydim indi babam yanımda olardı. Amma yox, mənim gücüm çatmazdı amansız 90-cı illərə, bu illər bizim ən yaxınlarımızı əlimizdən almaq üçün gəlmişdi.

Babamın qatili mən doğulduğum 90-lar oldu, ona görə ad günü keçirməyi xoşlamıram. Bu illərlə barışa bilmirəm.


Dilrubə Vaqifzadə

Xəbər 10250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR