Azərbaycan çoxkonfessiyalı bir ölkədir.
Bu baxımdan, dünyada dinlərarası, mədəniyyətlərarası
əlaqələrin genişlənməsi və möhkəmləndirilməsi işinə
öz layiqli töhfəsini verəcəkdir.
Heydər ƏLİYEV
Şərqlə Qərbin qovşağında, tarixi İpək yolun üzərində yerləşən Azərbaycan qədim zamanlardan indiyədək sivilizasiyalar arasında birləşdirici rol oynamışdır. Zəngin mədəniyyətə malik xalqımız böyük tarixi yol keçmişdir. Müasir Azərbaycanın sələfi olan Manna, Midiya, Atropatena Albaniya kimi dövlətlər İslam dininin Ön Asiya, həmçinin Qaqazda yayılmasına qədər böyük sivilizasiyanın əsasını qoymuşlar.
Dünya mədəniyyətinə, türk-islam sivilizasiyasına böyük töhfələr vermiş ölkəmiz çoxmillətli və çoxkonfessiyalı cəmiyyətə malikdir. Əsrlər boyu ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri tarixən qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşamış və yaşayırlar. Dini tolerantlıq Azərbaycan üçün xarakterikdir.
Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, İslam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə yerinə yetirirlər. Ölkəmizdə dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün etnik-dini təbəqələrin mili-mənəvi dəyərlərinə sahib olması üçün hərtərəfli hüquqi və demokratik şərait təmin edilmişdir.
Müxtəlif etnoslardan, etnik qruplardan ibarət ölkə əhalisi ağır işğalçılıq müharibələrinə, məhrumiyyətlərə, təzyiqlərə, mürtəce təbliğatlara baxmayaraq bütün dövrlərdə birliyini qoruyub saxlaya bilmişdir. Çoxsaylı müxtəlif səbəblər sırasında ölkənin əsas əhalisi olan və böyük əksəriyyəti təşkil edən Azərbaycan türklərinin mentalitetindəki tolerantlığı xüsusi qeyd etmək zəruridir. Ən qədim zamanlardan bu günə qədər Azərbaycan türkləri insanların irqi, dini, milli və s. fərqlərinə diqqət yetiriblər, lakin heç vaxt Adəm-Həvva davamçılarını bu əlamətlərinə görə qiymətləndirməyiblər. Onlar bütün xalqlarda və etnik fərdlərdə mənəvi-əxlaqi meyarları əsas götürüblər.
Azərbaycanda tolerantlığın möhkəm və zəngin ənənələri, dərin tarixi keçmişi var. Azərbaycan xalqı bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına həmişə böyük diqqət göstərmiş, başqa konfessiyaların nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindən birinə çevrilmişdir.
Bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət daşıyır. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə ola bilər. Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc və mehriban yaşamasının unikal nümunəsidir. Ölkəmizdə tolerantlıq ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır: Babil hökmdarı II Novuxodonosurun (e. ə. 586 il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar. Tarixi mənbələrə əsasən, o vaxtlar Babildə 40 minə qədər əsir var idi.
Tədqiqatçıların verdiyi məlumata görə, eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmişdir. Müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil edir: “Dində məcburiyyət (zorakılıq) yoxdur…” (əl-Bəqərə, 256). Tarixçilərin dediklərinə görə, VII-VIII əsrlərdə müsəlmanlar Yəhudilik, Xristianlıq və Zərdüştiliyin tərəfdarlarına qarşı ehtiram və dözümlülük göstərmişlər.
Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik-dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında tarixin acı həqiqətlərinin də müəyyən rolu olmuşdur.
Azərbaycanlılarla qaynayıb qarışan müxtəlif etnik-dini qruplar imperiya dövlətlərin təzyiqinə və fitnəsinə baxmayaraq, bir çox hallarda Azərbaycan xalqının tolerant düşüncəsinə etibar etmiş, rəğbət göstərərək, mehriban qonşuluq əlaqələri qurmuş və onu qorunub saxlamağa səy göstərmişlər.
Sovetlər dövründə mərkəzi hakimiyyətin “qardaş millətlər”, “xalqlar dostluğu” adı altında həyata keçirdiyi milli siyasət süni beynəlmiləlçilik mahiyyət daşıyırdı və “allahsızlıq məzmunundan” da azad deyildi. Sovet rejimi hər vasitə ilə Azərbaycan xalqını milli-mənəvi dəyərlərdən, İslam dininə olan bağlılığından uzaqlaşdırmağa çalışırdı. Lakin Xalq bu tarixi sınaqdan da uğurla çıxdı. Dini məzmunlu heç bir qarşıdurmaya yol vermədi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli koduna çevrilmiş tolerantlığın daha da inkişaf etdirilməsi üçün münbit şərait və hüquqi baza yaradılmışdır. Lakin keçən əsrin sonlarında Vətənimizdə tarixən mövcud olan dini dözümlülüyü möhkəmləndirilməsinə minlərlə günahsız insanın ölümü, bir milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsi və 20%-dən çox tarixi torpaqlarımızın işğalı ilə nəticələnən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mane olurdu. Münaqişə dini zəmində baş verməsə də, işğalçı Ermənistanın həmin dövr dini lideri I Vazgen separatçı hərəkatı qızışdıranlardan biri idi. Ermənilər hər vasitədən istifadə edərək ölkəmizdə əmin-amanlıq və qardaşlıq şəraitində yaşayan digər dini konfessiyalar arasında qarşıdurma yaratmaq istəyirdilər.
Erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, güya Azərbaycandan “islam təhlükəsi” gözlənilir. Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin xristianlaşdırılmasından istifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi.
Ölkəmizin bütün konfessiya nümayəndələri ermənilərin təcavüzkarlıq və etnik təmizləmə siyasətindən əl çəkməsi, işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qərar və qətnamələrin icrasına, işğal nəticəsində məcburi köçkün düşmüş insanların öz yurd-yuvasına qayıtması tələbi ilə dəfələrlə beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinə müraciət ünvanlamışlar. Onlar bununla Azərbaycan xalqı ilə bir daha birlik və həmrəylik nümayiş etdirmişlər.
Müstəqilliyin ilk illərində ölkədəki müharibə şəraiti, siyasi gərginlik, məmur özbaşınalığı və iqtisadi böhran milli-mənəvi dəyərlərin qorunması işini zəiflədirdi. Lakin 1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərinin qorunması, tolerant münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində də canlanma yarandı. Uzun illər istifadəsiz qalmış məscid və kilsələr əsaslı təmir edilərək xalqın istifadəsinə verildi. Bundan əlavə, yeni ibadətgahların inşasına başlanıldı. Bir sözlə, Azərbaycan xalqı öz soy-kökünə, adət-ənənələrinə və dini etiqadlarına qovuşmuş oldu.
Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yaşayan digər din mənsublarında da yüksək qayğı göstərir. Belə ki, 1920-ci ildə bağlanmış Jen-Mironosets Baş kafedral kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verilmişdir. Azərbaycanda səfərdə olan Moskvanın və Bütün Rusiyanın sabiq Patriarxı II Aleksi 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona Baş kafedral kilsə statusu vermişdir. Qeyd etmək lazımdır ki, Allah evinin bərpasını Moskvada yaşayan azərbaycanlı iş adamı, dini mənsubiyyətinə görə müsəlman olan Aydın Qurbanov öz üzərinə götürmüşdür. Onun vəsaiti hesabına baş kafedral kilsə az bir zamanda bərpa edilərək dindarların ixtiyarına verilmişdir. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi Müqəddəs Məryamin miladı Baş kafedral kilsəsi bərpa olunmuşdur.
Respublikamızda yaşayan azsaylı katolik icmasının üzvləri də dövlət qayğısından kənarda qalmamışdır. Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında Bakının mərkəzində Roma-katolik kilsəsinin inşası üçün yer ayrılmışdır. 2005-ci ildə məbədin tikintisinə başlanmış, nəhayət 2008-ci ilin mart ayının 7-də Bakıda Müqəddəs Məryəm katolik kilsəsinin rəsmi açılış mərasimi keçirilmiş və müasir üslubda tikilmiş bu məbəd katoliklərin ixriyarına verilmişdir.
Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan hökumətinin qayğısı ilə əhatə olunur. 1990-cı ildən respublikada “Azərbaycan-İsrail” dostluq, habelə “Soxnut” cəmiyyətləri fəaliyyət göstərirlər.. Bakıda nəzəriyyəçi-fizik, Nobel mükafatı laureatı Lev Landau, respublikanın əməkdar həkimi Solomon Qusman, müharibə qəhrəmanı Albert Aqarunov və digər tanınmış yəhudi şəxsiyyətlərinin yaşadıqları binalarda xatirə lövhələri qorunub saxlanılır.
1997-ci-ildə “Coynt” yəhudi komitəsinin maliyyə dəstəyilə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir. 2003-cü ilin martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqlardan hesab olunur. 2003-cü ilin sentyabr ayından isə Azərbaycanda ilk yəhudi məktəbi fəailiyyət göstəriri
Azərbaycanda antisemitizmə heç vaxt yer olmayıb və indi də yoxdur. Ümummilli Lider Heydər Əliyev 15 noyabr 1998-ci ildə yəhudi icmaların rəhbərlərilə keçirilən görüşdə qeyd etmişdir: “Respublikada belə hadisələr baş vermir və biz onların yaranmasına heç vaxt imkan verməyəcəyik”.
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici dövlətlər tərəfindən yüksək qiymətləndirilmişdir. 2002-ci ilin may ayında Azərbaycanda səfərdə olan Roma-katolik kilsəsinin sabiq başçısı Papa II Pavel ölkəmizdəki tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir.
Rum patriarxı I Varfolomey 2003-cü il aprelində Azərbaycanda rəsmi səfərdə olmuşdur. Ölkəmizdki mövcud dini durumu, dövlətin dini konfessiyalara göstərdiyi qayğını yüksək dəyərləndirən I Varfolomey demişdir: “Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir”.
Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderlərilə görüşür, onların ehtiyac və problemlərilə maraqlanır. Prezident İlham Əliyev daim ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir.
Ulu Öndər Heydər Əliyevin alternativsiz siyasətini onun siyasi kursunun layiqli davamçısı olan ölkə Prezitenti İlham Əliyev uğurla və uzaqgörənliklə davam etdirir. Ölkədəki tolerantlığın və dini etiqad azadlığının təminatçısı olan Prezidentin təşəbbüsü və qaygısı ilə müxtəlif konfessiyalara məxsus dini ibadət yerləri, tarixi-dini abidələr dövlət tərəfindən bərpa edilmiş, yeniləri tikilmişdir.
Bu sahədə YUNESCO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyilə Heydər Əliyev Fondunun ardıcıl və təqdirəlayiq fəaliyyətinin xüsusi rolu var. Milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verən Fondun məscid və ziyaratgahları bərpa etməklə yanaşı, bir-sıra qeyr-islam məbədlərinin bərpası və yenidən qurulması məqsədilə layihələr hazırlaması və həyata keçirilməsi təqdirəlayiqdir.
Respublikamızda tolerantlıq, dini dözümlülük ənənələrin qorunub saxlanmasında, müxtəlif dini konfessiyaların nümayəndələri arasında qarşılıqlı etimad və hörmət hissinin möhkəmlənməsində böyük beynəlxalq nüfuz sahibi olan Qafqaz Müsəlmanları İdarəsini sədri Şeyxülislam Allahşükür Paşazadənin də xüsusi xidmətləri var.
Ölkəmizdə dəfələrlə dini dözümlülük, dinlərarası dialoq mövzularına dair beynəlxalq konfranslar, elmi simpoziumlar və s. tədbirlər keçirilmişdir. Təkcə son bir il ərzində ölkədə iki böyük beynəlxlq konfrans təşkil edilmişdir. Azərbaycan Resbublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçən ilin noyabr ayının 6-7-də “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir. Konfransda dünyanın 25 ölkəsindən 200-dək nümayəndə qatılmışdır. Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyası quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nədicəsidir”.
Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dini dözümlülük, insan hüquq və azadlıqları ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunan vicdan azadlığı ilə bağlı müddəaları həyata keçirmək üçün münasib şərait yaradıldı, dövlət-din münasibətlərini tənzimləmək, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət etmək məqsədilə 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Və bununla da dini sahədə yeni mərhələnin əsası qoyuldu. Dövlət Komitəsi ölkədə tolerantlığı, konfessiyalararası münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində bir sıra uğurlu tədbirlər həyata keçirməyə başlandı.
Respublikamızda dini dözümlülük mühitini təkcə ölkə rəsmiləri yox, xarici dövlət rəsmiləri, siyasətçilər, din xadimləri və diplomatlar da dəfələrlə etiraf etmişlər. Və ölkəmizi dini dözümlülük sahəsində dünya ölkələri üçün nümunə göstərmişlər. ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun keçmiş rəhbəri Jerar Ştudman açıq şəkildə etiraf etmişdir ki, Azərbaycanda dini dözümlülük yeni konsepsiya deyil. Bu ölkə uzun illər boyu müxtəlif sivilizasiyaların yanaşı yaşamasına və dözümlülüyə nümunə ola bilər.
Milli-mənəvi dəyərlərin, mövcud tolerantlığın qorunması və daha da inkişaf etdirilməsi istiqamətində bu gün də uğurlu işlər aparılır…
Namiq ZEYNƏDDİN