Azərbaycan ərazisində ikinci erməni dövləti yaranmayacaq

Azərbaycan ərazisində ikinci erməni dövləti yaranmayacaq

Prezident İlham ƏLİYEV: "Dağlıq Qarabağın müstəqilliyini heç vaxt heç kim qəbul etməyəcək. Biz çalışacağıq ki, həm siyasi, diplomatik, həm iqtisadi və digər vasitələrlə ərazi bütövlüyümüzü bərpa edək"

Azərbaycan beynəlxalq hüquq norma və prinsiplərindən çıxış etməklə Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinə çalışır. Bu prinsipial və qətiyyətli yanaşma ölkə başçısının bütün xarici səfərlərində dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Ölkəmizin danışıqlar prosesindəki siyasi üstünlüyü və təşəbbüsü ələ alması, haqlı mövqeyini qətiyyətlə ortaya qoyması təcavüzkar Ermənistanı qətiyyən razı salmır. Aşkar görünür ki, tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin bütün səyləri hazırda mövcud "status-kvo"nun qorunub saxlanılmasına, münaqişənin "baş vermiş fakt" əsasında həllinə hesablanmışdır. 

Ermənistanı destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri də məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin təcavüzkar dövlətə təsir göstərmək üçün zəruri təzyiq vasitələrindən istifadə etməməsidir. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalar və sivil tənzimləmə presedentləri mövcud olsa da, nədənsə həmsədrlər uzun müddətdən bəridir ki, "Ermənistan və Azərbaycanın siyasi razılığa gəlməsi" kimi gülünc mövqeyi önə çəkir, işğalçıya və işğala məruz qalan tərəfə eyni mövqedən yanaşırlar. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır. Dünya nizamını müəyyənləşdirən fövqəlgüclərin işğal faktına liberal yanaşması, dolayısı ilə təcavüzkarlığa göz yumması bu qənaəti gücləndirir ki, hazırda dünyada etnik-milli münaqişələrin həllində hüquqi deyil, məhz siyasi vasitə və maraqlar önə çəkilir. Buna görə də işğalçı tərəf indiyə qədər müəyyən bəhanələrlə danışıqlar prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu ən pis variantlar sırasında "ən optimal gediş" kimi dəyərləndirir. Xarici dəstək hesabına dilənçi kökündə yaşayan Ermənistan tərəfi hələ ki, hakimiyyətin ömrünü uzatmaq üçün bundan "yaxşı" variant görmür. 

Azərbaycanın dünya miqyasında ildən-ilə nüfuzunun güclənməsi qarşısında işğalçı Ermənistan son dərəcə dərin böhran keçirir. Bölgədə gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin sosial durumu olduqca acınacaqlı vəziyyətdədir. Azərbaycan dövləti isə bütün sahələr üzrə davamlı inkişaf yolu tutaraq dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmaqdadır. Emənistan hərbi-siyasi rəhbərliyi ölkə daxilində sosial problemlərdən diqqəti yayındırmaq məqsədilə cəbhə xəttində təxribatçı hərəkətlərə yol verir. Ötən ildə də bu kimi təxribatçı hərəkətlərin mütəmadi şahidi olduq. Ancaq ermənilərin bu hərəkətlərinin qarşısı ordumuz tərəfindən qətiyyətlə alınaraq düşmənə sarsıdıcı zərbələr vuruldu. Ermənistan rəhbərliyi uğursuzluqlardan hələ də özünə gələ bilməyib, indi də qorxu və vahimə içindədir. 

Beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş bir çox qərarlar da haqq və ədalətin bizim tərəfimizdə olduğunu sübut edir. 

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib: "Xarici siyasətimizin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, 2015-ci ildə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Bunun da səbəbi xalq üçün aydındır. Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər. Danışıqlarda özlərini qeyri-səmimi aparırlar və müxtəlif bəhanələrlə çalışırlar ki, bu danışıqlar prosesi daim davam etsin.

Bizim siyasətimiz bundan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçılar işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır və Azərbaycan vətəndaşları doğma torpaqlara qayıtmalıdırlar.
Münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr münaqişənin həlli üçün əsas sənəddir və bu məsələ məhz bu çərçivədə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaransın. Dağlıq Qarabağın müstəqilliyini heç vaxt heç kim qəbul etməyəcək. Biz çalışacağıq ki, həm siyasi, diplomatik, həm iqtisadi və digər vasitələrlə ərazi bütövlüyümüzü bərpa edək. Haqq-ədalət bizim tərəfimizdədir, siyasi və iqtisadi güc bizim mövqeyimizi dəstəkləyir, gücləndirir. Əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Buna nail olmaq üçün əlbəttə ki, diplomatik səylərlə yanaşı, güclü hərbi potensial olmalıdır və biz bunu yaradırıq. Artıq Azərbaycan xalqı da görür ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır".
Dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi "beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək" nəzərdə tutulur. Təcavüz aktının baş verməsilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT-nin Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının bırində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün. 

İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Söhbət ondan gedir ki, Ermənistan və Azərbaycan arasında 1994-cü ilin 12 mayında atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 21 il keçsə də, Yerevanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki, fayda verməyib. Ötən illərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) vasitəçiliyi ilə aparılan üzücü və gərgin danışıqlar prosesi də heç bir nəticə verməyıb. Belə görünür ki, məhz nizamlanma prosesi qəsdən uzadılır ki, Ermənistan əlavə vaxt udsun. İşğalçı dövlətin belə mövqe tutması onun Minsk qrupu həmsədrlərinə arxalanması ilə izah olunur. 

Azərbaycan cəmiyyətində daim gündəmdə qalan məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli perspektividir. Torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsi perspektivi Azərbaycana hərbi qələbə vəd edir. Çünki ordu quruculuğu münaqişənin həlli prosesində dönüş yaratmaq imkanına malik ən vacib amillərdən biridir ki, Azərbaycan bu sahədə də kifayət qədər böyük uğurlar qazanmışdır. Hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlərin artırılması Azərbaycan hakimiyyətinin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirmişdir və bunu Azərbaycan Ordusunun bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. İldən-ilə dövlət büdcəsində orduya ayrılan vəsaitin artımı hərbi qulluqçuların - generalların, baş və kiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması, ordunun maddi-texniki bazasının modernləşdirilməsi ölkənin müdafiə sisteminin gücləndirilməsi deməkdir.

Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi təyinatlı məhsullar istehsal edən hərbi sənayenin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada istehsal edilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir.

"Azərbaycan" qəzeti

Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR