Azərbaycan diasporunun fəaliyyətinə ümumi baxış

Azərbaycan diasporunun fəaliyyətinə ümumi baxış

Nəsrin Süleymanlı

Azərbaycanın dövlət rəhbərliyinin, Azərbaycan diplomatiyasının, Azərbaycanın elmi ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin, Heydər Əliyev Fondu kimi ictimai təşkilatın səmərəli fəaliyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv baxışların formalaşmasında xüsusi əhəmiyyət kəsb etməkdədir. Bunun nəticəsidir ki, Azərbaycan həqiqətlərinin təbliği sahəsində Azərbaycan diplomatiyasının fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əiliyevin qeyd etdiyi kimi, artıq hücum xarakteri alıb və bu istiqamətdə səmərəliliyin artırılması bütün müvafiq qurumların qarşısında dayanan başlıca vəzifə kimi qiymətləndirilib.

Erməni diasporu və onu himayə edən qüvvələrin antiazərbaycan fəaliyyətinə qarşı güc mərkəzinə çevrilməkdə olan Azərbaycan diasporunun təşkilatlanması üçün hələ XX əsrin ortalarında müəyyən cəhdlər göstərilsə də, bu istəyin real prosesə çevrilməsi əslində Azərbaycanın müstəqilliyi dövrünə təsadüf edir. Məsələn, məlumdur ki, 1943-cü il noyabrın 6-da Berlində xaricdə yaşayan azərbaycanlıların  birləşdirilməsi üçün Milli Azərbaycan Komitəsinin qurultayı keçirildi. 1949-cu ilin yanvar ayında Türkiyədə "Azərbaycan Kültür Dərnəyi" yaradıldı, 1956-cı ildə isə Amerikada Amerika Azərbaycan Cəmiyyətinin əsası qoyuldu. Lakin bu təşkilatlar kütləvi təşkilatlar deyildilər və onların Azərbaycanla peal bağlılığı yox idi.

SSRİ-nin dağılması ərəfəsində Azərbaycanın ictimai-siyasi həyatında baş verən canlanma xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına da bir fəallıq gətirdi. Bunun nəticəsi idi ki, 1989-cu il dekabrıln 31-də İstanbulda Ümumdünya Azərbaycanlıları Konqresi keçirildi. 1990-cı ildə isə Türkiyənin Kayseri şəhərində Millətlərarası Böyük Azərbaycan Konqresi təşkil olundu. 1990-cı ilin noyabr ayının əvvəllərində isə Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzlərinin I qurultayı çağırıldı. Bu qurultayın işində Böyük Britaniya, Fransa, İsveç, Norveç, İspaniya, Estoniya, Almaniya və o cümlədən Azərbaycanın nümayəndələri iştirak etdilər. Bu qurultayın gedişində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslər haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması məsələsi də müzakirə edildi. 

Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və qurumlanmasının real prosesi Dağlıq Qarabağ ətrafında atəşkəsin əldə edilməsindən sonrakı dövrə təsadüf edir. Bu təşkilatlanmanın ideoloji əsasları isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyuldu. Həmin illərdə xarici ölkələrə etdiyi səfərlərində Heydər Əliyev həmin ölkələrdə yaşayan azərbaycanlıların nümayəndələri ilə görüşlər keçirər və onları vahid ideya, Azərbaycançılıq ideyası ətrafında birləşməyəvə Azərbaycanın maraqlarının keşiyində durmağa çağırardı. Bu da Azərbaycançılıq ideya və məfkurəsinin diaspor qurumlanmasının məfkurəsinə çevirdi və bu məfkurə ətrafında Azərbaycan diasporunun təşkilatlanmasının fəal dövrü başladı.

Eyni zamanda həmin illərdə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanma konsepsiyasi da müəyyənləşdirildi. Bu konsepsiyaya əsasən - dünya azərbaycanlıları xalqımızın ayrılmaz hissəsi kimi qəbul edilməli, Azərbaycan Respublikası bütün azərbaycanlıların vətəni sayılmalı, əqidə və əməl birliyi zəminində azərbaycanlıların elmi şəkildə təşkilatlanması aparılmalı idi.

Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasının gücləndirilməsi və diaspor qurumları arasında əlaqələrin nizama salınması məqsədilə 1997-ci ildə Dünya Azərbaycanlıları Konqresi təsis edildi və həmin ilin iyun ayının 27-29-da Dünya Azərbaycanlıları Konqresinin Los-Ancelesdə ilk qurultayı  keçirildi. 1998-ci ilin may ayında bu qurumun II qurultayı, 1999-cu ilin oktyabrında III qurultayı, 2000-ci ildə IV qurultayı keçirildi. Bu qurultayların hamısında xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması, işğal olunmuş Azərbaycan ərazilərinin azad olunması üçün diaspor qurumlarının səylərinin birləşdirilməsi müzakirə olunan başlıca məsələlərdən idi. Qurultayların qəbul etdiyi qərarlarda da bu məsələlər öz əksini tapdı.

Başqa sözlə dünya azərbaycanlılarının təşkilatlanmağa başladığı ilk illərdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni və ermənipərəst qüvvələrin apardığı qeyri-obyektiv təbliğatın ifşası, Azərbaycan həqiqətləri ilə bağlı doğru informasiyanın yayılması Azərbaycan diaspor qurumlarının qarşısında dayanan əsas vəzifələrdən biri kimi qəbul edildi.

İstər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qurultay iştirakçıları qarşısındakı çıxışında, istərsə də qurultaya təqdim olunmuş hesabat məruzəsində Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzündən, Dağlıq Qarabağ münaqişəsi ətrafında ermənipərəst qüvvələrin apardığı təbliğattın mahiyyətindən geniş söhbət açıldı, Azərbaycan Respublikasına qarşı hər hansı formada, daxildən və xaricdən göstərilən təcavüzün qarşısının alınması, lobbiçilik fəaliyyətinin genişləndirilməsi, milli maraqların müdafiə olunması hər bir Azərbaycan icmasının və xaricdə yaşayan hər bir azərbaycanlının müqəddəs vəzifəsi kimi dəyərləndirldi .

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin hazırladığı statistik materiallarda Azərbaycan diasporu tərəfindən təşkil edilən belə tədbirlər haqqında geniş məlumatlar verilmişdir. Bildirilir ki, bir tərəfdən bu tədbirlər davamlı xarakter daşıyır, digər tərəfdən də həmin tədbirlərdə Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzün  mahiyyəti haqqında daha obyektiv məlumatlar dünya ictimaiyyətinə çatdırılır.

Qurultayın qəbul etdiyi qətnamədə də Azərbaycan həqiqətlərinin təbliğuinin gücləndirilməsi diaspor qurumlarının qarşısında dayanan başlıca vəzifələrdən biri kimi dəyərləndirildi. Bununla bağlı qərara alındı ki, xarici ölkələrin parlamentlərində, dövlət və yerli özünüidarə orqanlarında azərbaycanlıların daha geniş təmsil olunmasına diqqət yetirilsin, azərbaycanlı icmaların fıaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələri yaxşılaşdırılsın, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesi davam etdirilsin .

Umimilikdə "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası"nda beynəlxalq aləmdə erməni təbliğatına qarşı işin təşkili və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması üçün diaspor qurumlarının qarşısında dayanan konkret fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Bu fəaliyyət istiqamətlərindən aşağıdakıları qeyd etmək mümkündür:

-Müxtəlif ölkələrdə təbliğat xarakterli tədbirlərin həyata keçirilməsi;

-Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında faktların və sənədlərin beynəlxalq ictimaiyyətə çatdırılması;

-Dağlıq Qarabağ münaqişəsi haqqında materialların beynəlxalq təşkilatlara və xarici ölkə parlamentlərinə çatdırılması;

-Xarici kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri haqqında əsil həqiqətləri özündə əks etdirən materialların yayılması;

-Azərbaycana həsr olunmuş tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş məlumatların yayılması;

-Avropa və ABŞ-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı internet forumların təşkili;

-Əcnəbi müəlliflər tərəfindən Qarabağ münaqişəsi haqqında hazırlanmış tədqiqatların geniş yayılması;

-Xarici televiziya kanallarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən filmlərin nümayişi və s.

Yuxarıda göstərilən vəzifə və istiqamətlərlə bərabər, "Xocalıya ədalət" kampaniyası da son illərdə dirapor qurumlarının qarşısında dayanan başlıca vəzifələrə çevrilmişdir və dünyanın bir sıra ölkələri kimi Amerikanın Nyu-Meksika, Texas, Corciya, Men, Nyu-Cersi və Arkanzas ştatlarının Xocalı hadisələrini soyqırım kimi tanıması həm də diaspor qurumlarının bu istiqamətdəki fəaliyyətinin nəticəsi kimi qəbul edilə bilər.

Son illər ərzində Azərbaycan və Türk diaspor qurumları arasında əlaqə və əməkdaşlıq kifayət qədər genişlənmişdir. Bu əlaqələrin nizamlanması üçün 2007-ci il martın 9-da Bakıda Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərlərinin I forumu təşkil eidlidi. 2008-ci il martın 27-də isə Berlində Azərbaycan və Türk diaspor təşkilatlarının Koordinasiya Şurasının ilk iclası keçirildi. Bu təşkilatların öz səylərini birləşdirməsi erməni yalanlarının ifşası sahəsində keçirilən tədbirləin vüsətinin genişlənməsinə, kəsərliliyinin artmasına müsbət təsir göstərdi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində Azərbaycan diaspor qurumlarının özlərinin də fəallaşması. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin daha geniş ictimaiyyət tərəfindən qəbuluna yol açdı. Bunun nəticəsi idi ki, qeyri-obyektiv erməni informasiya-təbliğatının ifşası sahəsində Azərbaycan diasporunun fəaliyyəti yeni bir məzmun kəsb etdi.

Qarabağ münaqişəsinin mahiyyətinin təhrif edilməsi, Azərbaycan Respublikasına qarşı təcavüzün pərdələnməsi erməni və ermənipərəst qüvvələr üçün günü-gündən daha da çətinləşməkdədir. Ona görə də Azərbaycana qarşı aparılan əsassız təbliğatın dünya ictimai rəyinə yeridilməsi üçün erməni və ermənipərəst qüvvələr və onların nəzarəti altında olan erməni beyin mərkəzləri təhrif olunmuş təbliğatın təsirinin artırılmasının yeni yollarının tapılması üzərində ciddi fəaliyyətə başlamışlar.

Xəbər 1255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR