Azərbaycan beynəlxalq Kazan iqtisadi forumunda təmsil olunub - FOTO

Azərbaycan beynəlxalq Kazan iqtisadi forumunda təmsil olunub - FOTO

Kazan şəhərində "Rusiya – İslam dünyası: Kazan Forumu” adlı 14-cü beynəlxalq iqtisadi forum keçirilib.
Aktual.az  xəbər verir ki, forumda Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Şahin Mustafayev, forum çərçivəsində "İqtisadi etibarlılıq. Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında əməkdaşlıq” sərlövhəsi altında keçirilən plenar iclasda çıxış edib.
Baş naziri müavini, İslam dünyası ilə əlaqələrin Azərbaycanın xarici siyasətində xüsusi yer tutduğunu, ölkəmizin müstəqilliyin bərpasından sonra İslam Əməkdaşlıq Təşkilatına üzv olan ilk post-Sovet ölkəsi olduğunu qeyd edib. Ötən 30 ildən artıq dövrdə təşkilat dövlətləri ilə iqtisadi-siyasi əlaqələr artan istiqamətdə davam edib. Belə ki, ötən il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ölkələri ilə ticarət dövriyyəsi 42% artaraq 9.3 milyard ABŞ dollarına çatıb. Təşkilat ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 18% təşkil edir. İqtisadi əlaqələrdə müsbət dinamika bu ilin geridə qalan dövründə də davam edib.
Baş nazirin müavini Şahin Mustafayev, ölkəmizin beynəlxalq nəqliyyat marşrutları üçün əhəmiyyətli və həlledici rolundan da danışıb. Zəngəzur dəhlizinin işə düşməsi ilə "Şimal-Cənub, "Şərq Qərb” nəqliyyat istiqamətlərinin, region ölkələri üçün böyük imkanlar yaradacağı vurğulanıb. Azərbaycanın inkişaf etmiş nəqliyyat, tranzit infrastrukturu ilə nəhəng layihələrin icrasına hazır olduğu bildirilib və bu xüsusda Bakı beynəlxalq dəniz limanının əhəmiyyəti xüsusi vurğulanıb.
Baş nazirin müavini, İƏT üzvlərinin Qarabağ münaqişəsi zamanı ədalətli mövqe sərgiləməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib. Münaqişə artıq tarixdə qalıb. Çıxış zamanı vurğulanıb ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının, regionda sülhün, sabitliyin və iqtisadi çiçəklənmənin əsas təəbbüskarı olaraq qalmaqdadır.
Kazan səfəri çərçivəsində Rusiya-Azərbaycan münasibətlərinə həsr edilmiş dəyirmi masa təşkil edilib. Müzakirələr zamanı Rusiya və Azərbaycan arasında iqtisadi-siyasi əlaqələrin çoxşaxəli, zəngin tarixi keçmişə malik olduğu vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin siyasi iradəsi və birgə səyləri ilə ikitərəfli əlaqələr strateji səviyyəyə çatıb və demək olar ki, bütün mümkün sahələri əhatə edir. Qarşılıqlı maraqlara xidmət edən ikitərəfli münasibətlər, imzalanmış 250-dən artıq sənədin, o cümlədən, müttəfiqlik bəyannaməsinin yaratdığı möhkəm hüquqi bazaya əsaslanır. Baş nazirin müavini Şahin Mustafayev, ötən il ticarət dövriyyəsinin 24% artaraq 3,7 milyard ABŞ dollarına çatdığını qeyd edib. 2023-cü ilin ilk kvartalında ticarət əlaqələrinin 67% artması, bu il ikitərəfli iqtisadi əlaqələrdə yeni, daha yüksək göstəricilərin əldə ediləcəyinə əsaslı inam yaradır. Şahin Mustafayev iki ölkənin hökumətləri arasında da aktiv işin aparıldığını diqqətə çatdırıb. Bu xüsusda "2024-cü ilə qədər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərinin inkişaf etdirilməsi ilə bağlı hərəkət planı”nın böyük əhəmiyyətə malik olduğu qeyd edilib. Şahin Mustafayev, qarşıya qoyulan əsas vəzifələrdən birinin iki ölkənin regionları arasında əlaqələrin inkişafı olduğunu bildirib. Bu istiqamətdə 2022-ci ildə Bakıda Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi, mütəmadi əsasda təşkil edilən biznes forumlar, eləcə də Azərbaycan və Rusiyanın vilayətləri arasında biznes-missiyaların icrası xüsusi əhəmiyyətə malikdir.
Baş nazirin müavini, Rusiya və Azərbaycan prezidentlərinin regionlararası əlaqələrin inkişafına dair tapşırıqlarının aktiv şəkildə icra edildiyini diqqətə çatdırıb. Bu istiqamətdə ötən ilin sonu və cari ilin əvvəlində Dağıstan, Tatarıstan və Həştərxan vilayəti ilə yüksək səviyyəli qarşılıqlı səfərlərin icra edildiyi vurğulanıb. Şahin Mustafayev, fürsətdən istifadə edərək, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlərin yüksək səviyyədə təşkilinə görə Həştərxan vilayəti hökumətinə təşəkkürünü bildirib.
"Rusiya – İslam dünyası: Kazan Forumu” çərçivəsində Tatarıstanın paytaxtında "Russia Halal Expo” Sərgisi keçirilib. Ölkəmiz sərgidə vahid ölkə stendi ilə təmsil olunub.
Azərbaycan stendində eyni zamanda, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, investisiya imkanları nümayiş etdirilib. Ölkəmizi "Rusiya – İslam dünyası: Kazan Forumu” adlı 14-cü beynəlxalq iqtisadi forumda təmsil edən nümayəndə heyəti Azərbaycan stendi ilə tanış olub.
Kazan şəhərinə səfər çərçivəsində baş nazirin müavini Şahin Mustafayev, Rusiya prezidentinin köməkçisi İqor Levitinlə, Rusiya Hökuməti sədrinin birinci müavini Andrey Belousovla, eləcə də hökumət sədrinin müavini Aleksey Overçukla görüşüb. Görüşlərdə Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin gələcək perspektivləri, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi yolları müzakirə edilib.
Ölkəmizi təmsil edən nümayəndə heyətinin Rusiya Hökuməti sədrinin müavini Marat Xusnullin və Tatarıstan respublikasının rəhbəri Rustam Minnixanovla görüşündə isə əsasən, Azərbaycan və Rusiyanın regional subyektləri arasında əlaqələrin inkişaf potensialı müzakirə edilib. Bu xüsusda ölkəmizin Tatarıstanla çoxşaxəli iqtisadi, təhsil, turizm münasibətlərinin yaxşı nümunə ola biləcəyi vurğulanıb.


Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR