Avtobus sürücüləri təlim kursuna cəlb ediləcək

Avtobus sürücüləri təlim kursuna cəlb ediləcək

May ayından etibarən bütün sərnişin daşıyıcılarının sürücüləri Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində yaradılmış Sürücü Təlim Mərkəzində təlimlərə cəlb olunacaq.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, BNA-nın baş direktoru Vüsal Kərimlinin sözlərinə görə, avtobus sürücüləri yalnız xüsusi təlim kurslarını bitirdikdən sonra sükan arxasına buraxılacaq: "Hal-hazırda İslam Həmrəyliyi Oyunları üçün ayrılacaq sürücülər təlimə cəlb olunub. May ayından başlayaraq bütün sürücüləri təlimlərə cəlb edəcəyik. Təlimlər sərt süzgəc rolunu oynayacaq. Başqa sözlə, sürücünün stajı bizim üçün əhəmiyyətli deyil. Bizim üçün əsas olan sürücülərin təlim proqramından uğurla keçməsidir. Bu təlim proqramı da hazırlanma mərhələsindədir".

Baş direktor əlavə edib ki, növbəti mərhələdə təlim kurslarına dövlət qurumları və xüsusi xidmət orqanlarının sürücüləri də cəlb ediləcək. "Söhbət Avropa standartlarına cavab verən təlim mərkəzindən keçirilən kurslardan gedir. Bura yağışlı, buzlu yolda, ekstremal vəziyyətdə avtobusun idarə edilməsi və sair aiddir".

V. Kərimli onu da qeyd edib ki, avtobus sürücüləri sosial məsuliyyətini dərk etməlidir: "Bunu isə onlara biz aşılamalıyıq. Avtobus sürücülərini biz xaricdən gətirməmişik, onlar bu cəmiyyətin üzvləridir".
 

Aktual.az 

Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR