"Azərbaycan onlara qaz satmaqdan imtina etsə..."
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin ötən ay Bakıya etdiyi ziyarət çərçivəsində razılaşdırılıb. Xatırladaq ki, Qaribaşvilinin Bakı səfəri qəfil xarakter daşıyıb və qonşu ölkə yetkililərinin Azərbaycan qazından asılılığı azaltmaq planlarını açıqlamasından dərhal sonraya təsadüf edib.
Belə ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze "Qazprom"la Gürcüstan arasında qaz təchizatına dair danışıqların aparıldığını, habelə İrandan qaz alınmasına dair intensiv müzakirələrin getdiyini, bu məqsədlə Tehrana səfərə hazırlaşdığını söyləmişdi.
Bütün bunlar xeyli müddətdir Gürcüstana ucuz qaz satan, eyni zamanda bu ölkənin energetika bazarında əsas oyunçu olan Azərbaycanı narahat etməyə bilməz.
Gerçək bundan ibarətdir ki, Tiflis qaz bazarında bir-birinə rəqib olan Rusiya və İranla qaz danışıqlarını davam etdirir. Təbii qaz çoxdan postsovet məkanı və Avropa ölkələri üçün geosiyasi amil, Kremlin rəqib dövlətlərə təzyiq və şantaj vasitəsi rolundadır. İşin ən maraqlı tərəfi də zatən budur.
Belə görünür ki, Tiflis bu gedişi ilə ciddi manevr etməyi düşünür. Həmin ölkə Azərbaycanla yanaşı, Rusiya və İranı da Gürcüstan qaz bazarına cəlb etməklə həm iqtisadi (kommersiya) qazancı əldə etməyə, həm də ən önəmlisi, siyasi dividend götürməyə can atır.
Tiflis hökuməti əlbəttə ki, İran üzərindən sanksiyaların götürülməsindən sonra Tehranın qaz ehtiyatlarının Avropa bazarına çıxarılmasında tranzit ölkə kimi öz önəminin artdığını bilir. Bu marşruta dərhal Ermənistanın da maraq göstərməsi məntiqlidir.
Azərbaycan Prezidentinin Tiflis səfəri gürcü qaz bazarı, bütövlükdə Gürcüstan ətrafında yaranmış belə bir qəliz dönəmə təsadüf edir. Səfərdən hansı gözləntilər ola bilər?
Düşünürəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana səfəri və rəsmilərlə görüşlərinin məntiqi sonluğu məhz bu "qaz oyunu"na son qoyacaq. Gürcüstan rəsmiləri də dəfələrlə öz bəyanatlarında bildiriblər ki, Azərbaycanla qaz sahəsində iqtisadi əməkdaşlığa son qoymaq fikrində deyillər, çünki əhalinin istifadəsi üçün alınan qaz əsasən Azərbaycandan, özü də imtiyazlı qiymətlərlə alınır. Məlumdur ki, bu söhbətlərə səbəb Gürcüstanın energetika naziri Kaxa Kaladzenin çıxışlarıdır. Onun bildirdiyinə görə, əvvəllər də "Qazprom"dan qaz alınıb, eyni zamanda Ermənistana verilən tranzit qaz üçün də Gürcüstan pay götürür. Maraqlı hallardan biri də odur ki, İrana qarşı tətbiq edilən sanksiyalar götürüldükdən sonra İran qaz bazarına da diqqət artıb və Gürcüstan oradan da qaz almağa çalışır. Oradan qaz almaq isə Azərbaycan və Ermənistan üzərindən ola bilər. Yəqin ki, bu məsələnin də müzakirəsinə ehtiyac var. Yəni hazırkı şəraitdə Gürcüstan Azərbaycan kimi tərəfdaşı dəyişə bilməz, çünki bunun siyasi və iqtisadi baxımdan çox gözlənilməz nəticələri ola bilər.
Tanınmış ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, Prezidentin Gürcüstana səfəri zamanı görüşlərdə "Qazprom" məsələsi çox da dərindən müzakirə edilməyəcək: "Məlumdur ki, Azərbaycan Gürcüstana qaz satışının inhisarçısı deyil, lakin çox ucuz qiymətə əhali üçün qaz satır. Bu gün neftin qiyməti aşağı düşdüyü üçün Rusiya heç bu barədə danışan deyil. Çünki bu gün bu addımı atsa və Azərbaycan onlara qaz satmaqdan imtina etsə, neftin qiyməti qalxanda bu sazişlər alınmayacaq. Gürcüstan unutmamalıdır ki, siyasi məsələləri üzə çıxarmaqla Azərbaycan öz qazını Türkiyəyə də sata bilər və Türkiyədə Rusiya qazı daha bahadır. İran qazı isə hər iki qiymətdən də bahadır.
Yəqin ki, cənab İlham Əliyevin səfəri vaxtı bütün bu suallara dair, eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlıların həlli vacib olan məsələləri, geosiyasi problemlərin həlli istiqamətində müzakirələr aparılacaq".
// Baki Xeber