Dağlıq Qarabağ münaqişəsi ətrafında son günlər baş verən proseslər sülh danışıqlarının tam fiaskoya uğradığını deməyə əsas verir. Ermənistan prezidenti Serj Sarkisyanın “Ermənistan, - mən Ermənistan deyəndə onun ayrılmaz hissəsi olan Dağlıq Qarabağı da nəzərdə tuturam, - planetin ən hərbiləşdirilmiş əraziləri sırasındadır”,-deyə səsləndirdiyi bəyanat isə artıq düşmən tərəfinin konstruktiv mövqe sərgiləyəcəyinin üzərindən birdəfəlik xətt çəkir. Geridə isə bir variant qalır: müharibə…
Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyev də çıxışlarında müharibə variantının istisna olmadığını diqqətə çatdırıb.
“Dağlıq Qarabağ məsələsinin həlli başqa yolla da mümkündür. Biz bunu heç vaxt inkar etməmişik və açıq bəyan etmişik ki, hərbi yol da istisna edilmir. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurub”.
Ölkə başçısı çıxışlarında nəzərə çatdırır ki, istənilən vaxtda biz hərbi gücümüzdən istifadə edərək Qarabağ məsələsini birdəfəlik həll edə bilərik.
“Məsələnin həlli ölkəmizin ərazi bütövlüyü çərçivəsində olacaq. Başqa variant yoxdur! Mən bunu bir daha bəyan etmək istəyirəm. Heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir! Biz sadəcə olaraq istəyirik ki, bunu nə qədər mümkündürsə tez edək. Ancaq edəcəyik”.
İndiki durumda Azərbaycan işğal olunmuş torpaqlarını hərbi yolla azad edə bilərmi?
AzVision.az bu sual ətrafında siyasi analitiklərin mövqeyini öyrənib.
Politoloq, millət vəkili Rasim Musabəyov deyir ki, sülhün olmadığı yerdə gərginliyin artması təbiidir: “Azərbaycan torpağında erməni nə qələt edir ki, orada ölürlər. Ona görə də erməni silahlı qüvvələrini Azərbaycan torpağından çıxarmadan bui hadisələr nəinki səngiyəcək, əksinə qızışacaq”.
Ermənistan prezidentinin bəyanatına toxunan R. Musabəyov bildirib ki, bu fikirlər Azərbaycan tərəfini qıcıqlandırmağa hesablanıb: “Bu açıq provakasiyadır. Ermənilərin hünəri çatmaz Rusiyanın icazəsi, dəstəyi olmadan Dağlıq Qarabağın ya müstəqilliyini, ya da Ermənistanın tərkib hissəsi kimi tanısın. Sarkisyan havalansa, belə bir qərara gəlsə ki, bu zaman BMT Təhlükəsizlik Şurası yığılaraq bunu pisləyəcək. Danışıqlar pozulduqdan sonra Azərbaycanın tam hüququ var ki, güc vasitəsi ilə erməniləri işğal olunmuş torpaqlarımızdan çıxarsın. Bu halda Azərbaycana irad tutmağa heç bir əsas olmayacaq”.
Politoloq Arzu Nağıyevisə hesab edir ki, ən yaxşı müharibədən pis sülh daha önəmlidir: “Buna görə də Azərbaycan hələki Dağlıq Qarabağ münaqişəsinin həllini Madrid prinsipləri çərçivəsində sülh yolu vasitəsilə həll etməyə çalışır. Təbii ki, erməni təcavüzkarlarına da güc nümayiş etdirmək vacibdir. Çünki, erməniləri sülh danışıqları masasına əyləşdirmək üçün mütləq hərbi güc göstərmək lazımdır. Çünki artıq çıxış yolumuz qalmır. Səbəbi də odur ki, beynəlxalq təşkilatlar bəyanat verməkdən o tərəfə keçmirlər.
Cəbhədə, istər Dağlıq Qarabağda təmas xəttində, istərsə də sərhəd rayonlarında yenə də ermənilər tərəfindən olan təxribatlar məhz planlı şəkildə BMT-nin sessiyası vaxtı baş verdi. Bununla yanaşı ATƏT-in Mİnsk qrupunun həmsədrləri ilə hər iki dövlətin xarici işlər nazirlərinin görüşü zamanı belə bir təxribata əl atmaq erməni təcavüzünün məntiqi davamı idi və itki verərək geri çəkildilər. Təəssüf ki, bizim də şəhidlərimiz var. Ermənistanın son vaxtlar Rusiya ilə yaxınlaşması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyü də bunun əsas səbəblərindən biridir. Məhz buna görə də Sərkisyan da etiraf edir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın daxili işidir və işğal faktını da çəkinmədən etiraf edir. Bilir ki, beynəlxalq təşkilatlar susur, havadarlar isə onların tərəfdarıdırlar”- A. Nağıyev qeyd edib.
BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Portuqaliyanın xarici işlər naziri Rui Maçete ilə görüşən Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov da müharibə anonsu verib.
Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barəsində danışaraq, Ermənistanın təcavüz və işğala əsaslanan qeyri-konstruktiv siyasəti nəticəsində münaqişənin həllində irəliləyişin olmadığını nəzərə çatdırıb.
Ermənistanın təcavüzkar və ilhaqçı siyasətinin bütün regionu yeni fəlakətlər astanasında qoyduğunu qedən nazir əlavə edib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.
// Aktual.az