Argentinada Xocalı faciəsi anıldı - Foto

Argentinada Xocalı faciəsi anıldı   - Foto

Azərbaycan Respublikasının Argentinadakı Səfirliyində Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə anım tədbiri keçirilib. 

Aktual.az  xəbər verir ki, Səfirlik və Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrası tərəfindən təşkil olunmuş tədbirdə həmin Universitetin professor-müəllim heyətinin üzvləri və 2015-ci ildə keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinə qatılmış tələbələr iştirak edib.

Tədbirdə çıxış edən Səfirliyin müvəqqəti işlər vəkili Rəşad Aslanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və onun həlli istiqamətində aparılan danışıqlar haqqında ətraflı məlumat verib. Tədbir iştirakçılarına 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırım, onun beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verilib, güclü erməni diasporası olan Argentinada da Xocalı, ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin yayılmasının zəruriliyi qeyd edilib.

Tədbirdə habelə 2015-ci ildə Argentinada keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinə “Haqqında danışılmayan soyqırım” başlıqlı inşa ilə qatılmış insan hüquqları və humanitar hüquq sahəsində mütəxəssis Fabio Pistritto çıxış edib. F.Pistritto yazısı ilə bağlı araşdırma apardığı zaman Argentina cəmiyyətində Xocalı soyqırımı ilə bağlı çox məhdud məlumatın olmasını bildirib və bu istiqamətdə daha çox iş aparılmasının zəruriliyini qeyd edib. 

Tədbirin sonunda Xocalı soyqırımına dair ispan dilində film nümayiş etdirilib, tədbir iştirakçılarına Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ispan dilində kitab və jurnallar təqdim olunub.

Xəbər 589 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR