Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin olunub, Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilib. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.
Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və Şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 13 oktyabr 2015-ci il tarixli 10/5 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddianı təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, daha əvvəl Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı doqquz apellyasiya şikayətləri üzrə məhkəmə iclasları keçirilib. Həmin məhkəmə iclaslarında da Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.