Bu gün tanınmış jurnalist, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlunun doğum günüdür.
Axar.az əməkdaşının Anar Yusifoğlu ilə 41 yaşının tamam olduğu gün qısa söhbətini təqdim edirik.
- Anar bəy, illər gedir və insanın zahiri görünüşü ilə yanaşı, təfəkküründə də dəyişikliklər olur. Sizcə, 41 yaşın ədəbiyyata baxışı ilə 21 yaşın baxışı arasında fərq nədir? O vaxt mətni, poeziyanı necə görürdünüz, indi necə görürsünüz?
- 21 yaşımda o poeziyanı yaşayırdım, indi isə dediyiniz kimi, görürəm. Ramiz Rövşən gözəl təsvir edib: “23 yaşında məni sevənlər 33 yaşında sevəmməz daha”. Yəni yaş artdıqca baxış da dəyişir. O vaxt mənə elə gəlirdi ki, poeziya hər şeyin açarıdır. Və poeziyanı rəng kimi yox, səs kimi görürdüm. Amma yaş ötdükcə Sözün dəyərini anlamağa başladım; Sözlə nəfəs aldıqca, əslində, onun dəyərini bildim. Bəzən də yazdım. O vaxt poeziya, mətnlə yaşayırdım, indi isə yaşadıqlarım Sözə çevrilir. O vaxt poeziyanı gözümlə yox, ürəyimlə görürdüm.
Bir də 21 yaş sirrdi, sehrdi: hər kəsə bağlısan, sənin hansı qabiliyyətə sahib olduğunun və istedadının ölçüsü bilinmir; dünyanı fərh eləməyə hazır görünürsən. 41 yaşda isə anlayırsan ki, dünya fəth olunmaq üçün deyil, ona azacıq cəhd etməyin isə ağır məğlubiyyətinə səbəb olar; anlayırsan ki, dünya üçün vuruşmaq yox, axirət üçün çalışmaqdır insanın mahiyyəti…
- Anar Yusifoğluna ad günündə verilən hədiyyələr sırasında kitab oldumu?
- Düzünü deyim ki, son illər ad günlərimdə ilk kitabı dünən qızım hədiyyə edib: Dostoyevskinin seçilmiş əsərlərini. Amma orta məktəbdə oxuyanda sinfimizin qızları 23 fevralda həmişə bir kitab hədiyyə edirdilər və o kitablar bu gün də kitabxanamdadır. Qəribədir ki, dostlar sanki oxumağımı deyil, yazmağımı istəyirlər – çünki ad günlərimdə daha çox qələm hədiyyə alıram. Görünür, bunun da öz mistikası var.
Əslində, mənə kitab hədiyyə edənlər olur, mənim də dostlardan oğurladığım kitablar olur (gülür) – amma bunlar ad günlərində yox, vaxtaşırı baş verir.
- Bildiyimiz qədər, siz jurnalistika ilə yanaşı, ədəbi fəaliyyətlə də məşğulsunuz. Jurnalistika bədii yaradıcılığa nə dərəcədə təsir edir? Məsələn, sizin daha çox bilgi, informasiyaya sahib olmağınıza və ya yazı dilinizdə, üslubunuzda hansı “izlər” salır?
- Hər iki sahə Sözə bağlıdır. Mən bu gün teleaparıcıyam. Ədəbi fəaliyyətlə ara-sıra məşğul oluram. Amma jurnalist kimi bəzən içimi nələrsə tərpədəndə, nəsə məni narahat edəndə, yazıram. Özümü yaxşı informator hesab edirəm və hər gün də bilgilərimi artırmağa, oxumağa çalışıram. Çox təəssüf ki, ənənəvi mediadakı yazılar indi yoxdur. Amma yaxşı yazılar da az deyil.
Yazdıqlarım – kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq - Sözə xidmət edir. Çünki mən Sözdən qorxmuram, daha çox Sözə inanıram. Söz də inanılmaq üçün deyilir. Ona görə də jurnalist fəaliyyətim ədəbi yaradıcılığa kömək edir.
- 41 yaşda özünüzü formada hesab edirsinizmi – sözün hər mənasında…
- Futbol oynaya bilməyən adam topu başqasına atıb həmişə. Amma mən Sözə inandığım üçün hələ ki, oyundan kənar vəziyyətə düşməmişəm.
Təəssüf ki, bizdə sözü də şoulaşdırırlar. Mənsə şoudan uzaq adamam.
Dünyada ən ağır cinayət sözü öldürməkdir. Yazdıqlarımın ölü sözlərin sərgisinə çevrilməsini heç vaxt istəməmişəm.
Aktual.az