Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlər ölkədə boşanmaların ən yüksək həddə olduğunu göstərdi. Açıqlanan rəqəmlərə görə son 24 ildə daha çox 1 uşaqlı ailələr nigaha son qoyub. Tək uşağı olan ailələrdə ən çox boşanma halı 1990-cı ildə qeydə alınıb. Həmin il Azərbaycanda bir uşağı olan 2045 ailə yollarını ayırıb.
Sonrakı illərdə bu göstərici azalmağa doğru dəyişsə də, 2011-ci ildən sonra bu say getdikcə artıb. Ötən il isə 1 uşağı olan ailələrdə olan boşanmaların sayı 1990-cı ildən də yüksək səviyyəyə çatıb. Belə ki, 2013-cü ildə Azərbaycanda bir uşağı olan 1921 ailə boşandığı halda, 2014-cü ildə bu rəqəm 2798-ə çatıb.
Ekspertlər isə məhz biruşaqlı ailələrin boşanmalarını müxtəlif səbəblərlə izah edirlər.
Psixoloq Elmir Əkbərbildirib ki, bəzən ailələrdə yaranan problemi uşaq dünyaya gətiməklə həll etməyə çalışan qadınlar sonda boşanma ilə üz-üzə qalırlar: “Uşaq qadınların son “kozırı”dır. Yəni çoxları fikirləşir ki, bir uşaq dünyaya gətirsəm, ailəm daha da möhkəmlənər. Qadın bütün problemlərə, çətinliklərə dözür ki, uşaq olandan sonra hər şey düzələr: “yoldaşım məni daha yaxşı başa düşər, qaynanam düzələr, məni inçitməz”.
Kişlərdə isə əks effekt yaranıb. Onlar uşaq olandan sonra daha da arxayınlaşırlar. Hesab edirlər ki, daha qadının bir uşağı var və ər istədiyini etsə belə, qadın uşağa görə, heç nə edə bilməyəcək. Amma sonda bütün bunların əksi olur. Qadın görür ki, heç nə düzəlməyib, nəticədə çıxış yolunu boşanmaqda görür”.
E.Əkbər hesab edir ki, ailələr bir çox səbəblərdən dağılır. Psixoloqun dediyinə görə, bunların ən birinci səbəbi ər arvad arasında cinsi problemlərin olmasıdır.
“İkinci əsas məsələ isə cütlüyün bir-birinə səmimi olmaması, münasibətlərində qapalı mühit yaratmalarıdır. Üçüncü səbəb isə ailəyə kənar müdaxilələrdir. Bəzi hallarda qaynatalar qaynanalardan daha “arvadağız” olur. Kişilik sifətini itirmiş qaynatalar artıq ifritəyə çevrilir. Bu kimi hallar oğlan tərəfdə daha çox olur. Hətta ailə həyatında bədbaxt olan baldızlar sanki hamının bədbaxt olmasını istəyirlər və gəlini hər vasitə ilə incitməyə çalışırlar. Sonrakı yerlərdə isə iqtisadi, maddi problemlər durur”.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova hesab edir ki, məhz biruşaqlı ailələrin boşanmasının ilkin səbəbi fərdi vərdişlərdən və ailə tərbiyəsindən irəli gəlir. Onun sözlərinə görə, hər bir ailənin özünəməxsus qurulma forması var: “Hazırda ölkədə 2 milyondan çox ailə var. Hər bir ailənin özünəməxsus münasibətlər sistemi mövcuddur. Təəssüflər olsun ki, bəzən ailələr eksperiment xatirinə qurulur. Sonradan müəyyən olunur ki, hər iki tərəfin xasiyyətlərində, düşüncələrində, dünya görüşlərində fərqlilik var. Bu fərqlilik birgə yaşayışda neqativ hallarına gətirib çıxarmış olur”.
Komitə rəsmisi vurğulayıb ki, hər bir qurulan ailə üçün 3-5 il vaxt lazımdır: “Amma təəssüflər olsun ki, ailələr qurulan zaman bəzi məsələlər nəzərə alınmır. Məsələn, dünya görüşləri üst-üstə düşmür, oğlanın zərərli vərdişləri, alüdəçiliyi var və həmin vərdişlər gizlədilir. Ailə qurulandan sonra həmin xarakterlər üzə çıxır və nəticədə dözülməz hal alır. Bəzən valideynlər övladlarına düzgün tərbiyə, istiqamət vermirlər. Əgər ailədə həm oğlan, həm də qız uşağı böyüyürsə, qız mütləq ev işləri görməyə yönləndirilir. Oğlan tökdüyünü yığmır. Ana bu işi qızına tapşırır. Bir sözlə, oğlana əmək vərdişi öyrədilmir. Oğlan da elə zənn edir ki, bu həmişə belə olmalıdır. Halbuki, oğlan əsgərliyə, oxumağa, işləməyə başqa ölkəyə getəcək, artıq orada bacı, ana onun qulluğunda dura bilmir. Belə olan halda onun təmizliyinə, gigiyenik qaydalarına kim riayət edəcək? Oğlanlar da zəhmətə alışmalıdı. Bu kimi xırda məsələlər zaman keçdikcə daha qlobal məsələlərə çevrilir”.
Problemli ailələrə müdaxilələrin olduğunu deyən A. Veysəlovanın sözlərinə görə, komitə daimi olaraq maarifləndirmə işi aparır və bu işi ildən-ilə gücləndirir.
“Tək Bakıda, rayon mərkəzlərində deyil, ucqar kəndlərdə də görüşlər keçirilır. Məsələn, ailədaxili münaqişələr zamanı ağsaqqalları, din xadimlərini, nüfuzlu şəxsləri cəlb edərək gənc ailələri təcrübəli ailələrlə görüşdürürük. Onları qarşılaşdırırıq və nümunə göstəririk, yaşlıların 30, 40, 50 illik ailələrin tövsiyyələrini dinləyirlər. Dövlət də bu sahədə böyük iş aparır, münaqişəli ailələr qeydiyyata götürülür, daim yoxlamalar gedir. Məsələn, öyrənilir ki, bu ailədə münasibətlər nə dərəcə müsbətə doğru dəyişilib. Amma hər bir insanın təfəkkürünə, dünya görüşünə təsir etmək çətindir. Ölkədə 2 milyon ailə var ki, onların hamısının daxili aləminə girmək çətindir. İnsanlar özləri də ailəyə ciddi və məsuliyyətli yanaşmalıdırlar”. (azvision.az)