7 iyun seçkiləri Türkiyədə demokratiyanın qələbəsidi

7 iyun seçkiləri Türkiyədə demokratiyanın qələbəsidi

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Türkiyə Respublikasında keçirilən 7 iyun seçkilərinin nəticələrini belə dəyərləndirib:

“Bizə qardaş ölkə olan Türkiyədəki son parlament seçkisinin nəticələri bugünlər hər kəsin müzakirə mövzusuna çevrilib. Dünya mediası və nüfuzlu siyasi müşahidəçilər də seçim sonuclarını sıx-sıx diqqətdə saxlayır, müxtəlif rakurslardan dəyərləndirməyə çalışırlar. Çünki açığı desək, heç kim 7 iyun seçkilərinin məhz belə bir nəticələrlə bitəcəyini gözləmirdi. 

İstər hakim partiyanın (AKP) qazandığı mandatların sayının azalması və təkpartiyalı hökümət qurmaq üçün yetərsayın olmaması, istər PKK-nın siyasiləşmiş qanadı sayılan Xalqın Demokratiya Partiyasının (HDP) 10 faizlik maneəni aşaraq parlament partiyasına çevrilə bilməsi, istərsə də Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının (CHP) nəzərəçarpacaq dərəcədə səs itirməsi seçkiöncəsi proqnozların hamısını alt-üst etdi.

Məhz bu səbəbdəndir ki, indi bir çoxları AKP-ni ciddi məğlubiyyətə uğramış partiya kimi təqdim etməyə çalışırlar. Həmçinin, CHP-nin də adı məğlubların sırasında çəkilir. Amma HDP-ni isə 7 iyun seçkilərinin mütləq favoriti kimi göstərirlər.

Oxşar dəyərləndirmələri bizim Azərbaycan mediasında və siyasi kuluarlarda gedən söhbətlərdə də müşahidə etmək mümkündür. Hətta bəziləri bir az da irəli gedərək, bu seçkinin nəticələrinin perspektivdə Türkiyə üçün çox ağır fəsadlara yol aça biləcəyini də iddia edirlər.

Amma hesab edirəm ki, qardaş ölkədəki sonuncu seçkinin nəticələrindən bu qədər əndişələnməyə və bu nəticələrdən sonra Türkiyənin siyasi həyatında cərəyan edəcək prosesləri qara fonda təqdim etməyə qətiyyən ehtiyac yoxdur.

Əslinə baxsaq, 7 iyun seçkiləri Türkiyədə demokratiyanın qələbəsi və ya təntənəsi kimi dəyərləndirilməlidir. Bu seçkilər Türkiyənin son 20 illik tarixində ən demokratik seçki sayıla bilər. Və bu həqiqəti Qərb siyasi dairələri də etiraf edirlər.


Nəticələr də məhz demokratik şəraitdə keçirilən seçkinin məntiqi nəticələrinə uyğundur. Başqa cür ola da bilməzdi. Odur ki, sandıqdan, səs-vermə qutularından bir az aşağı, bir az yuxarı səs faizi ilə çıxan partiyaların heç birini məğlub və ya qalib saymaq olmaz. Budəfəki seçkidə mütləq qalib və mütləq məğlub yoxdur. Əgər qalib varsa da, yeganə qalib Türkiyə cəmiyyətinin, Türk millətinin özüdür. Və seçicilərin bu seçkidə əsas aparıcı partiyalar sayılan AKP, CHP, MHP və HDP-ın heç birini mütləq qalib kürsüsünə qaldırmamasını hazırki durumda Türk millətinin ən müdrik qərarıvə davranışı kimi də dəyərləndirmək olar. Eyni zamanda da, bu, həm də toplumun və ya seçicinin məlum partiyalara çox ciddi mesajıdır. Seçicilər sözügedən 4 partiyanın hər hansı birinə mütləq səs çoxluğu şansını verməməklə, əslində, həmin partiyaları qarşıdakı dövr üçün yarışa dəvət etdilər. Yəni bu partiyalar növbəti seçkilərə qədərki dövr ərzində xalqa nə dərəcədə yaxın olduqlarını, seçicilərin problemlərini gerçəkdən də həll etmək istədiklərini və ya istəmədiklərini sözdə deyil, əməldə sübut etməlidirlər.

Bu baxımdan, Türkiyədəki son seçimlərin nəticələrinə bədbinliklə deyil, optimistik nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Biz də Demokratik Azərbaycan Dünyası Partiyası olaraq qardaş ölkədəki seçki proseslərini diqqətlə izlədik. Nəticələri də Türkiyə üçün normal sayır və qardaş ölkənin həm siyasilərini, həm də seçicilərini, sıravi vətəndaşlarını bu demokratik seçkilər münasibətilə təbrik edirik.

Nəticələr Türkiyə üçün, bütün türk xalqı üçün xeyirli-uğurlu olsun!”

DADP Mətbuat xidməti

Xəbər 1083 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR