52-ci Münhen Təhlükəsizlik Konfransının proqramı açıqlanıb

52-ci Münhen Təhlükəsizlik Konfransının proqramı açıqlanıb

Təhlükəsizlik böhranı, məhdud imkanlar, beynəlxalq intizamın zəifliyi məsələləri 12-14 fevral tarixlərində keçiriləcək 52-ci Münhen Təhlükəsizlik Konfransında müzakirələrin mərkəzində yer alacaq.

"Report" konfransın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il Münhenə 30-dan çox dövlət və hökumət rəhbərləri, 70-dən çox XİN başçıları və müdafiə nazirləri toplaşacaq.

Konfrans iştirakçıları Avropanın qaçqın böhranına cavabı, Suriyadakı müharibə və Avropa təhlükəsizliyinin gələcəyi, Saxaradan cənubdakı Afrika ölkələrinin sabitliyi, kibertəhlükəsizlik kimi məsələləri müzakirə edəcəklər. İlk dəfə Bill və Melinda Geyts Fondu və "Merck"lə birgə təşkil edilmiş qlobal sabitlik və təhlükəsizliyə epidemiyaların yaratdığı təhlükəyə həsr olunan sessiya keçiriləcək.

İordaniya kralı II Abdullah, Polşa prezidenti Andjey Duda, Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya baş naziri Dmitri Medvedev, İraq baş naziri Hayder əl-Abadi, ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov konfransda iştirakını təsdiqləyib.

Xatırladaq ki, Azərbyacan XİN-i Elmar Məmmədyarov Trend-ə açıqlamasında Azərbaycanın da Münhen təhlükəsizlik konfransında ən yüksək səviyyədə təmsil olunacağını demişdi. Onun sözlərinə görə, Azərbaycan energetika məsələləri üzrə paneldə iştirak edəcək.

Qeyd edək ki, konfransı fevralın 12-də Almaniyanın müdafiə naziri Ursula fon der Leyenlə fransız həmkarı Jan-İv Le Drian açacaqlar. Fransanın baş naziri Manuel Valls da konfransda çıxış edəcək.

Konfransın işində, həmçinin Əfqanıstan prezidenti Əşrəf Qani, NATO baş katibi Yens Stoltenberq, Avropa Parlamentinin prezidenti Martin Şults, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeir də iştirak edəcək .

Konfrans çərçivəsində bir sıra ölkələrin Milli Kəşfiyyat İdarələrinin rəhbərlərinin, o cümlədən ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper və Böyük Britaniyanın Hökumət Əlaqələri Mərkəzinin rəhbəri Robert Hanniqanın iştirakıyla müzakirələr baş tutacaq.

Konfransın proqramından əlavə, Münhendə təhlükəsizliyə həsr olunmuş bir sıra görüşlər də keçiriləcək. Belə ki, Münhen Təhlükəsizlik Konfransının açılışından əvvəl Suriyaya dəstək Beynəlxalq Qrupunun görüşü baş tutacaq.

Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR