"Komtec" şirkəti (MilliÖN ödəniş terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) "Azərişıq" ASC-nin borcları 500 manatdan artıq olan abonentlərinin ödənişlərinin qəbulunu dayandırıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu şirkətdən deyiblər.
"Komtec"dən bildiriblər ki, MilliÖN terminallarında ödənişlər ASC-nin şirkətə daxil olan sorğusuna müvafiq olaraq dayandırılıb: "Borcları 500 manatdan artıq olan "Azərişıq" abonentləri borcun qismən və ya tam ödənilməsindən asılı olmayaraq, ASC-yə müraciət etməlidirlər. Bu yeniliyin digər terminallarda tətbiq ediləcəyi də istisna edilmir".
"Modenis" şirkətindən isə Trend-ə bildiriblər ki, "eManat" terminallarında da "Azərişıq" ASC-yə 500 manatdan artıq olan borcları ödəmək mümkün olmayacaq: "Bununla belə, şirkətdən ödənişin dayandırılacağı müddəti açıqlamayıblar".
Hazırda Azərbaycanın ödəniş terminalları bazarında "Expressbank" ASC-yə məxsus "ExpressPay" terminalları da var. Bankdan deyiblər ki, "Expressbank"a ASC-dən ödənişlərin dayandırılması barədə sorğu hələ daxil olmayıb.