258 nəfərin sürücülük vəsiqəsi əlindən alındı

258 nəfərin sürücülük vəsiqəsi əlindən alındı

2015-ci ilin ilk yarım ili ərzində yol hərəkəti qaydalarını pozduqlarına görə 20 və daha çox bal toplamış 258 sürücünün sürücülük hüquqları müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Aktual.az xəbər verir ki. bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, hesabat dövründə paytaxtın yol patrul xidmət müfəttişləri tərəfindən 115823 yol hərəkəti qaydalarının pozuntusu aşkar edilib: "Bunlardan 112028-i kobud pozuntu hesab edilib. Yarım il ərzində yol polisləri tərəfindən 77 avtoxuliqan saxlanılıb. Avtomobili sərxoş halda idarə edən 4229, işıqforun qırmızı işığında hərəkət edən 5206, qəza şəraiti yaradan 3075, dövlət nişanı olmadan nəqliyyat vasitəsini idarə edən 329, sərnişindaşıma qaydalarını pozan 882, müvafiq sənədləri olmadan avtomobili idarə edən 2473, polisin qanuni saxla əmrinə tabe olmayan 1907 sürücü məsuliyyətə cəlb edilib. Bundan əlavə, 47049 piyada inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimələnib”.

V.Əsədov qeyd edib ki, yol hərəkəti qaydaları pozuntularının aşkar edilməsi sahəsində müşahidə-izləmə kameralarının görüntülərindən də istifadə olunması hərəkətin təşkili ilə yanaşı, vətəndaşların qanuna riayət etmələrinə də təsir göstərib: “Hesabat dövründə Mərkəzi Məlumat Sistemində yol hərəkətinə videonəzarətin tətbiqi sayəsində kameralar vasitəsilə 144984 yol hərəkəti qaydalarının pozulması aşkar edilib. Qayda pozuntusuna yol verən sürücülər barəsində qanunvericiliyə uyğun olaraq elektron protokollar tərtib edilib. Mərkəzə qoşulmuş nömrətanıma sisteminin köməyi ilə DYP əməkdaşları tərəfindən 2-si cinayət xarakterli faktlar üzrə axtarışda olan 447 nəqliyyat vasitəsi saxlanılıb və onların hərəkət istiqamətləri müəyyən edilib”.

Qeyd edək ki, 2015-ci ilin ilk yarım ili ərzində Bakı şəhərinin inzibati ərazisində 392 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 118 nəfər ölüb, 414 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 
Xəbər 756 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR