Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi Allahverdi Bağırovun doğum günüdür.

Aktual.az xəbər verir ki, A.Bağırovun dünyaya gəlməsindən 75 il ötür.

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. O, orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb.

1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olub. Rayon ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancıb.

1991-ci ilin oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor tərəfindən Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəkliklər tutulub, Kətük kəndi ilə üzbəüz mövqe qurulub.

Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Bu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülüb.

Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il iyunun 12-də Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi uğrunda döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb.

Onun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı girovların erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 şəhid vermişdi. Bağırov üç gün ərzində 1003 Xocalı girovunu ermənilərin əlindən xilas edib.

1992-ci ilin iyunun 12-də təcili iş üçün Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşüb və Allahverdi Bağırov həlak olub. O, Ağdamda da torpağa tapşırılıb.

Ağdamın Quzanlı qəsəbəsinin girəcəyində adına barelyef qoyulub. 2014-cü ilin fevralın 25-də Binəqədi rayonu Biləcəri qəsəbəsində istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Allahverdi Bağırovun büstü ucaldılıb.

Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Sonradan Heydər Əliyevin fərmanı ilə Allahverdi Bağırova "Qızıl Ulduz" medalı təltif olunub.

1993-cü ildə işğal edilmiş Ağdam rayonu 2020-ci ilin noyabrın 20-də işğaldan azad olunub. Elə həmin ay Milli Qəhrəmanın övladları 28 ildən sonra ilk dəfə atalarının məzarını ziyarət ediblər.
Xəbər 2026 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR