Milli Məclisə keçiriləcək seçkilərdə 112 saylı Qax seçki dairəsindən namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir.
Deputatlığa namizəd bu gün rayonun Əmircan, Alatəmir və Meşəbaş kəndlərində seçicilərlə görüş keçirib.
Hər üç kənddə keçirilən görüşdə seçicilər Azər Kərimlinin ötən 5 il ərzində kəndin və seçicilərin problemlərinə diqqətlə və həssaslıqla yanaşdığını, millət vəkili kimi seçicilərin etimadını doğrultduğunu və bu səbəbdən də ona səs verəcəklərini bildiriblər.
Meşabaş kəndində əsas problemin təbii qazla bağlı olduğunu bildirən seçicilər Azər Kərimlidən məsələnin müvafiq qurumlar qarşısında qaldırmasını istəyiblər. Deputatlığa namizəd daha öncə olduğu kimi bundan sonra da seçicilərin problemlərinə diqqətlə yanaşacağını, səlahiyyətləri çərçivəsində bu problemlərin həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Görüşlərdə Azər Kərimlinin son 5 ərzində gördüyü işlər slaydlar vasitəsilə nümayiş etdirilib.
Azər Kərimli, eyni zamanda Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, Azərbaycan-İtaliya Parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan-İtaliya Assosiasiyasının sədri kimi gördüyü işlər barədə seçicilərə ətraflı məlumat verib. Azər Kərimli Qaxda keçirilən beynəlxalq multikulturalizm konfransının, Qax rayonun və bütövlükdə Azərbaycanın tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edən “Qax Kürmük Oba bayramı” filminin ölkədən kənarda yaratdığı təəssüratdan, Qax rayonu ilə İtaliyanın Bormio şəhərinin qardaşlaşması ilə bağlı imzalanan protokolun əhəmiyyətindən, Azərbaycan-İtaliya Assosiasiyasının təsis etdiyi “Via della Seta” (İpək yolu) jurnalından söhbət açıb.