ABŞ-ın qurduğu stereotipləri dağıdan seçki
Tətbiq edilən yeni texnologiyalar baxımından 2015-ci ilin parlament seçkisinin öncəkilərdən ciddi fərqi var. Mütəxəssislərin hesablamalarına görə, seçki prosesinə namizəd kimi qatılmış şəxslər özlərinin təşviqat materiallarının yayılması baxımından 50 faiz "Online" media və sosial şəbəkələrdən faydalanıblar. "Online" media, sosial şəbəkələr ənənəvi medianın reklam bazarına müdaxilə edib, onları seçki təşviqatının pullarından məhrum etməklə narahatlıq doğurub. Eyni zamanda, media standartlarına tam əməl etməməklə, yeni media təsisatları, o cümlədən sosial şəbəkələr, həm də qanunvericilik baxımından qınaq obyektinə çevrildilər.
Amma bütün qüsurları və yaratdığı narahatlıqla yanaşı, yeni media, sosial şəbəkələr 2015-ci ilin parlament seçkilərinin ruporu olmaqla, bu seçkilərin tarixdə xatırlanması üçün onun aktivinə daha bir xal yazdılar. Ən əsası, yeni mediaya, sosial şəbəkələrə bu qədər önəm verilməsi, parlament seçkiləri dövründə guya Azərbaycanda azad fikrin boğulduğunu iddia edənlərə tutarlı bir cavabdır. "Parlament seçkiləri: Təbliğatın olmaması kimin günahıdır?" başlıqlı yazılarla ictimai rəyi çaşdırmaq istəyən, insan hüquqları, ifadə azadlığı mövzularını şüar edib Azərbaycana qarşı qərəzli kampaniya aparanlara veriləcək tutarlı cavablardan biri də, bu seçkilərdə önə çıxmış sosial media faktorudur. Ölkə əhalisinin 75 faizinin internet istifadəçisi olduğunu, sosial şəbəkə istifadəçilərinin sayının 2 milyon nəfəri ötdüyünü nəzərə alsaq, onda indiki parlament seçkilərində alternativ informasiya təminatının tamamilə qurulduğu isbatlanmış olar. Hansı ki, ABŞ yönlü şəbəkənin Azərbaycandakı seçkiləri gözdən salmaq üçün istinad etdiyi məqamlardan biri də, məhz alternativ informasiya mənbələrinin "olmaması" üzərində köklənib. Hətta "şər şəbəkəsinin" aktivlərindən olan Human Rights Watch təşkilatı alternativ informasiya məhdudiyyətinin aradan qaldırılması üçün transmilli KİV-lərə müraciət də qəbul edib. Parlament seçkisi ilə əlaqədar beynəlxalq medianın diqqətinin Azərbaycanda olacağını vurğulayan Human Rights Watch "bu ölkədə insan haqlarının durumu ilə bağlı əldə etdiyi məlumatları paylaşmağa" çağırıb. Qeyd edib ki, beynəlxalq ictimai rəyə təsiri olan KİV-lər Azərbaycanda alternativ informasiya təminatının "məhv edildiyini" nəzərə alaraq, parlament seçkilərinin keçirilməsindən fürsət kimi yararlansınlar və buradakı problemləri beynəlxalq aləmin diqqətinə çatdırsınlar. Azərbaycan yeni media və sosial şəbəkələrin hüdudsuz azadlığına imkan yaradıb alternativ informasiya təminatını tam formalaşdırmaqla "şər şəbəkəsinin" bu tezisini əlindən almış oldu. Paralel olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin guya xarici KİV-lərin ölkəyə buraxılmaması barədə qərəzli şəkildə yayılmış informasiyaları operativ şəkildə, tutarlı faktlarla təkzib etməsi qərəzli kampaniya təmsilçilərini çıxılmaz duruma saldı.
Amma 2015-ci ilin parlament seçkilərinin tarixdə daim xatırlanmasını təmin edəcək faktor təkcə bu kampaniya çərçivəsində sosial şəbəkələr qismində yeni texnologiyalara ciddi önəm verilməsi, alternativ informasiya mənbələrinin inkişaf etdirilməsi ilə bağlı deyil, həm də prosesin ciddi geopolitik savaş fonunda keçirilməsidir. ABŞ-ın təkqütblü dünya düzənini davam etdirmək istəyinin qarşısına yeni güc mərkəzinin çıxması, Rusiyanın simasında təcəlli edən yeni güc mərkəzinin Cənubi Qafqazla sıx bağlı olması, hər iki qütbün Azərbaycanı öz orbitində görmək niyyəti, niyyətlərini təmin etmək üçün Azərbaycana təsir mexanizmi qismində hazırkı seçkilərdən faydalanmaq planı, mövcud parlament seçkilərini həm də geopolitik savaş prosesinə çevirib.
Hücum Qərbdən, daha konkret, ABŞ cəbhəsindən başlayıb. Bu düşərgə Azərbaycanı öz orbitində saxlayıb qərarlarının icraçısına çevirmək üçün hələlik ənənəvi təzyiq metodlarını işə salıb. Təsirlərində olan KİV-lər, QHT-lər və beynəlxalq dövlətlərarası təşkilatlardan ibarət şəbəkəni Azərbaycanda insan haqlarının, ifadə azadlığının boğulması, parlament seçkilərinin ədalətli keçirilməməsi yönündə kampaniya keçirmək üçün təlimatlandırıblar. Bu yöndə aparılan kampaniyanın pik nöqtəsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun parlament seçkilərinin müşahidəsindən imtina etməsidir. Mövcud standartlara görə, ATƏT DTİHB-nun qərarından sonra Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq ictimaiyyət tərəfindən boykot edilməli, məxsusi olaraq Avropa ölkələri Azərbaycanla əlaqələri kəsməli, ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi üçün müzakirələrə başlamalı idilər. Azərbaycan isə qeyri-ənənəvi manevrlər etməklə, daşlaşmış stereotipləri qırmağı bacardı. Başda Avropa Şurası olmaqla 36 beynəlxalq statuslu təşkilatın, o cümlədən Müstəqil Dövlətlər Birliyi (MDB), Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QİƏT PA), Avstraliya, İtaliya, Bolqarıstan, Litva, Latviya parlamentlərinin, Böyük Britaniya Lordlar palatasının seçkiləri müşahidə etmək qərarı vermələri ABŞ-ın özünü fakt qarşısında qoyur. "Əgər ATƏT-ə üzv olan dövlətlər Azərbaycanda keçirilən seçkiləri müşahidə etmək qərarı veriblərsə, onda ATƏT DTİHB seçkini boykot qərarını kimin marağı naminə və kimin iştirakı ilə verib?" sualı diqqət çəkir. Prosesin bu yöndə inkişafı ABŞ-ın təsirilə qəbul edilən qərarın ifşası, Azərbaycanın isə aktivinə yazılan daha bir uğurdur. 2015-in parlament seçkisinin tarixdə xatırlanmasını təmin edəcək faktlardan biri də Azərbaycanın eyni hadisəyə baxışda ABŞ və Avropanın yollarını ayırması, bir düşərgəni iki istiqamətdə hərəkətə məcbur etməsi , 60 il müddətində formalaşmış yanlış stereotpləri ifşa edib dağıtmağı bacarmasıdır.
Müşfiq Ələsgərli