Tikinti normalarının ən çox pozulduğu rayonun adı açıqlandı

Tikinti normalarının ən çox pozulduğu rayonun adı açıqlandı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Xəzər və Pirallahı rayonlarının İcra Hakimiyyətinin başçıları və müavinləri, o cümlədən həmin rayonların baş memarlarının iştirakı ilə toplantı keçirilib.

Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, komitənin sədri Abbas Ələsgərov bildirib ki, bu toplantının keçirilməsində məqsəd Azərbaycan prezidentinin 2016-cı il 26 fevral tarixli Sərəncamının və Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarının icrası ilə bağlı müzakirələr aparmaq və Komitə tərəfindən metodiki yardım göstərilməsini təmin etməkdir.

A.Ələsgərov qeyd edib ki, burada əsas məqsəd sahibkarlar üçün maneələrin aradan qaldırılmasıdır. Bu da gələcəkdə yeni iş yerlərinin yaradılması deməkdir. Sahibkarlar isə öz növbəsində şəhərsalma və tikinti normalarına riayət etməlidirlər.

Komitə sədri bu sahədə müəyyən problemlərin mövcud olduğunu bildirib: "Bunlar əsasən tikintinin sıxlığı və tikinti əmsalına riayət olunmamasıdır. Ən yüksək sıxlıq Nəsimi rayonunda müşahidə olunur. Bununla əlaqədar söküləcək ərazilərdə yaşıllıq və sosial-infrastruktur obyektlərinin yerləşdirilməsi daha məqsədəuyğundur. Planlaşdırma işləri üçün 1 hektardan 7 hektaradək ərazinin ayrılması tövsiyə olunur. Yaşayış binalarının tikinti layihələrində mənzillərin havalandırılması və işıqlandırılması qaydaları pozulur, bəzən tikilən binaların 4 divarına cəmi 1 pəncərə düşür, mərtəbələrdə mənzillərin sayı isə 8-dən çoxdur və mərtəbənin yaşayış sahəsi yol verilən normadan artıqdır. Məgər biz şəhərin mərkəzində çoxmərtəbəli yataqxanalar yaradırıq?! Bunlara daha icazə vermək olmaz".

Komitə sədri A.Ələsgərov toplantı iştirakçılarına müraciət edərək bildirib ki, müfəssəl planların hazırlanması ilə bağlı Komitə hər cür yardım göstərməyə hazırdır. Ərazi planlaşdırma sənədlərinin hazırlanması sadələşdirilməklə onların qiymətləri əhəmiyyətli dərəcədə azaldılacaq.

Sonra ərazi planlaşdırma sənədləri, müfəssəl planlar barədə nümunələr, o cümlədən Bakı şəhəri üçün işlənilmiş ərazi planlaşdırma sənədləri barədə təqdimat nümayiş olunub və nümayiş olunan sənədlərlə bağlı geniş məlumatlar toplantı iştirakçılarının diqqətinə çatıdırlıb. Nümunə üçün şəhərin Nizami rayonunun ərazisində 5,9 hektar ərazini təşkil edən sökülməsi nəzərdə tutulan məhəllənin ərazi planlaşdırılması layihə təklifi də nümayiş olunub. Nümayiş olunan ərazi planlaşdırılması layihəsində sökülməsi nəzərdə tutulan binalar ilə yanaşı mövcud binaların perspektiv inkişafı fonunda ərazinin tikinti sıxlığı və tikinti əmsalı, mərtəbəliliyi, abadlaşdırılması və sair öz əksini tapıb.

Toplantıda çıxış edən Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və digər toplantı iştirakçıları çıxış ediblər.

Xəbər 793 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR