“Özünüzü dolamısınız, yoxsa bizi?!”

“Özünüzü dolamısınız, yoxsa bizi?!”

Amerika səfirinin az qala "Əsrin müqaviləsi”ni də öz adlarına çıxarması, Azərbaycanla tərəfdaşlıq barədə "müdrik-müdrik”, ağızdolusu danışması mənə bir anlıq 2005-ci ilin parlament seçkilərini xatırlatdı. Əsas da Rino Harnişin hərəkətlərini. O Harniş ki, diplomatik fəaliyyətdən başqa hər şeylə məşğul idi, özünü səfir kimi deyil, siyasətçi kimi aparırdı, bölgələrdə təşkil olunan mitinqlərdə eynən radikallar təki alovlu nitqlər söyləyirdi, qısa zaman kəsiyində narıncıların "xaç atası”na çevirilmişdi...
İndi də təxminən oxşar analogiyadır. Mark Libbi vəkil kimi danışır. Ən loyal halda hüquq müdafiəçisi kimi. Adam buyurub ki, son 1 ildə Azərbaycanda xeyli sayda jurnalist həbs olunub və buna görə də demə Qərb dairələri əməlli-başlı narahat qalıbmışlar.
Öz ölkəsində günün-günorta çağı qaradərililər məhv edilir, mitinqlər orta əsr üsulları ilə dağıdılır, Rusiya-Ukrayna müharibəsində 10 minlərlə insan həlak olur, dünyanın, planetin hər tərəfi  bunların ucbatından təlatümlərə, qaranlıqlara bürünür – ondan narahat deyil, amma Azərbaycanda 3-5 xəfiyyənin, agentin ifşa edilməsi cənab səfirin yuxularını əməllicə ərşə çəkib, onu "palaz-palaz” açıqlamalar vermək məcburiyyətində qoyub...
Jurnalist dediyin, dövlət əleyhinə ağır cinayətlər törədən insanlardır, Mark Libbi! Üstəlik, həmin cinayətlər faktla, sübutla, yazışma və səs yazısı ilə, konkret mənbələrlə ortalıqda "göz qamaşdırır”. Hətta "qışqırır”!
"COP-29” öncəsi ölkədə sabitliyin pozulması ilə bağlı məlum dairələrdən konkret tezislər alan, Qərbin, Avropanın pulları ilə açıq anti-milli fəaliyyət sərgiləyən adamların işinə siz jurnalistikamı deyirsiz?
Araşdırmaçı adı ilə yaramaz Sorosun köhnəlmiş, çeynənmiş variantlarını yenidən  tətbiq edənlər, daha doğrusu tətbiq etmək istəyənlər sizin düşüncənizdə, təbirinizdə həqiqətənmi media adamıdır?
Ən iri ölçüdə cinayət sektası, hörümçək toruna bənzər ağlasığmaz mexanizm quranlar, "hüquq müdafiəçisi” qiyafəsində + sosial şəbəkələr üzərindən ictimai rəyə sırınanlar, Xədicə kimi şizofrenikin "şinel”indən çıxanlar, "ReAL” dan uzaqlaşandan sonra "siyasi ulduz” olacağına inandırılanlar və "paçka-paçka” dollarla (istəsəniz, məbləği də açıqlaya bilərəm!) bəslənənlər nə vaxtdan azad sözün, insan hüquqlarının, ədalətin carçısı olublar?
Özünüzü dolamısınız, yoxsa bizi?!
***
Hələ Fransanın ölkəmizdəki səfiri daha dərinə gedərək, il boyunca verdiyi vizaları sayıb və bundan özgüvən standartı düzəltməyə çalışıb. 
Xanım Buayo indiyə qədər özünü gah "məsləhətçi”, gah "ombudsman”, gah da "istintaqçı” kimi aparırdı. Bir qalmışdı, statistika komitəsinin sədri kimi aparmaq, 2 gün öncə onu da elədi.
Amma bu adamın qulağına təcili pıçıldamaq lazım: Sən səfirsən!
O qulaq eşitməsə, digərinə pıçıldamaq lazım: Sən səfirsən!
Özü inanmasa da kimsə onu inandırmalıdır: Sən səfirsən!
Və...başının, beyninin, düşüncənin, təxəyyülünün ölçüsündə olmayan məsələlər barədə mühakimə yürütmək, səlahiyyətindən kənar mövzular barədə şərh, ya da məsləhətlər vermək nə sənə düşər, nə də səndən heç bir fərqi olmayan Emmanuelə...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Xəbər 102 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR