Ədliyyə Nazirliyi Penitensiar Xidməti polkovnik İlqar Əliyevin ölümü ilə bağlı məlumat yayıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda bildirilib ki, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.
Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.
Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib, tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.
Aktual.az intihar etmiş keçmiş MTN zabitinin kimliyini araşdırıb:
İlqar Əliyev kimdir?
MTN-nin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev 2013-cü il 17 sentyabr tarixində “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimliyə qarşı təşkil etdiyi xüsusi əməliyyatla yadda qalıb.
İlqar Əliyev və onun adamları jurnalistin evindən 10-a qədər əl qumbarası və tapança aşkar etdiklərini bildiriblər. Məlumatda bildirilirdi ki, Pərviz Həşimli İran İslam Respublikasından silah gətirərək ölkədə satışı ilə məşğul olurmuş. Həmin dövrdə jurnalistin vəkili olmuş Elçin Sadıqovun sözlərinə görə, Pərvizə qarşı təşkil olunan bu təxribatlara İlqar Əliyev şəxsən rəhbərlik edib. O, Pərviz həbs olunmazdan bir neçə ay öncə jurnalistə zənglər edərək, onu öz məqsədləri üçün istifadə etmək üçün tərəfdaşlığa cəlb etmək istəyirmiş.
Qeyd edək ki, mətbuat orqanları MTN əməkdaşlarının bir sıra mətbuat nümayəndələri ilə əmakdaşlıq etməsi barədə yazılar təqdim edib. Göründüyü kimi, qurumun həbs olunan üzvləri həqiqətən də jurnalistləri əməkdaşlığa cəlb etmək istəyirmiş, onlardan tabe olmayanlar isə cəzalandırılıb. İlqar Əliyevin daha bir cinayət əməli isə o, həbs olunduqdan sonra üzə çıxdı. Sahibkar Maqsud Mahmudovun sözlərinə görə, bu ilin 4 iyul tarixində onu MTN-ə çağırıblar və bildiriblər ki, 250 min azn pul ödəməsə, İŞİD-çi kimi həbs edəcəklər. Daha sonra isə Mahmudovun Ukraynadakı biznesini araşdırıb və bildiriblər ki, əgər deyilən məbləği ödəməsə, qeyd olunan ölkədə biznes partnyoru olan qadınla münasibətləri olması haqda onun ailəsinə məlumat veriləcək. Maqsud Mahmudovun sözlərinə görə, təhdidlərdən sonra o, bir gecənin içində şəhərin mərkəzində qiyməti 700 min azn olan obyektini 290 minə satıb və onun 120 minini İlqar Əliyevə verərək həbs olunmaqdan yaxa qurtarıb.
// Aktual.az