Aşıq Zülfiyyə "Hər şey daxil" verilişində maraqlı açıqlamalar edib.
Aktual.az-ın ölkə.az-a istinadən məlumatına görə, sənətçi "incəsənət qurban tələb edir" deyən həmkarlarına kinayə ilə yanaşıb:
"Boşanır, sonra deyir ki, incəsənət qurban tələb edir. Mən deyərdim ki, incəsənət ağıl tələb edir. Adətən söz-söhbətlər dünya malına görə olur. Qadın deyir ki, filankəs filan brilyantı taxdı, mənim niyə yoxdur, filan xəzi geyindi, mənim də olmalıdır. Mən də çox çətinliklər çəkmişəm. İkinci paltarı almaq üçün birinci paltarımı satmışam, üstünə pul qoyub başqa paltar almışam. Amma bunu nə anam bilib, nə başqa bir adam".
Aşıq gənc həmkarlarına məsləhət verməyi də unutmayıb:
"Heç kim deməsin ki, birdən-birə gəlmişəm. Məndən yaşca kiçik olan sənət dostlarıma məsləhət görmüşəm. Deyir, filankəs filan maşına minir. Demişəm ki, əsas olan ailə xoşbəxtliyidir. Biz ailə quranda bir otağımız, bir dəmir çarpayımız, bir stol, iki stulumuz var idi, indi heç nəyə ehtiyacımız yoxdur. Çünki bir-birimizə can deyib, can eşitdik. Bəzən qızın ailəsi tərəfdən olan müdaxilələr də ailələrin dağılmasına səbəb olur. Fikrimcə, evdə son qərarı kişi verməlidir".
// Aktual.az