"Facebook"un qurucusu Mark Zukerberq bütün mövcud xəstəliklərin müalicəsi məqsədilə aparılacaq elmi tədqiqatlara 3 milyard dollar ayırıb. Bu, onun uzunmüddətli tibbi araşdırmalar üçün ayıracağı məbləğin ilk ianəsidir.
Aktual.az lent.az-a istinadən xəbər verir ki, maliyyələşdirmə Mark Zukerberq və həyat yoldaşı Pristsilla Çanın yaratdığı "Chan Zuckerberg Initiative" Fondu vasitəsilə aparılacaq. Cütlük bəyan edib ki, əsrin sonuna qədər hazırda mövcud olan əksər xəstəliklər üzərində qalib gəlmək niyyətindədirlər. P. Çan ötən il qız övladı dünyaya gətirdiyini xatırladıb: "Biz qızımızın həmyaşıdları və dünyada o nəsildən olan hər insanın həyatını yaxşılaşdırmaq istəyirik".
600 milyon dollar məbləğində ilk ianə San-Fransiskoda laboratoriyanın yaradılmasına sərf olunacaq. Laboratoriyada San-Fransisko, Kaliforniya, Stenford və Berkli universitetlərinin alimləri çalışacaq. Mütəxəssislər ilk növbədə xəstəliklərin aşkara çıxarılması və qarşısının alınması üçün tədbirlər müəyyənləşdirməlidir.
Xatırladaq ki, 2014-cü ildə daha bir amerikalı milyarder - "Microsoft"un yaradıcısı Bill Geyts AİDS, tuberkulyoz və malyariya ilə mübarizəyə 10,2 milyard dollar ayırıb.