Azərbaycanlı zəvvarlar bu gün günorta namazını Minada qıldıqdan sonra Məkkəyə gedəcəklər.
Aktual.az bildirir ki, bunu Report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev bildirib.
H.Babayev deyib ki, Məkkədə zəvvarlar həcc əməllərini bitirəcəklər: "Bu gün bütün zəvvarlar Məkkəyə gətiriləcək və onlar həcc əməllərini başa vuracaqlar. Zəvvarların birinci qrupunun Mədinəyə dönüşü sentyabrın 16-da başlayacaq. Hacılar Azərbaycana sentyabrın 19-dan gəlməyə başlayacaqlar. Onlar hər gün iki reys olmaqla Bakıya sentyabrın 19-u, 21-i və 22-si tarixlərində gətiriləcəklər".
H.Babayev onu da qeyd edib ki, zəvvarların sağlamlıq vəziyyətləri normaldır: "Zəvvarlarımız arasında ağır xəstələnənlər yoxdur. Bir-iki nəfərdə günvurma, iki qadında isə ürək çatışmazlığı problemi yaranmışdı ki, onlara da həkimlərimiz tibbi xidmət göstəriblər. Hazırda vəziyyətləri yaxşıdır".