Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin açılışı ilə "Böyük qayıdış" prosesinə start verildi - TƏHLİL

Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin açılışı ilə

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Daha sonra isə sakinlərlə görüş baş tutdu.

Bununla bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, bu açılış Azərbaycan tarixində böyük əhəmiyyətə malik olan bir tədbir idi, çünki bu açılış mərasimi ilə "Böyük qayıdış" prosesinə start verildi.

"Bu tədbir eyni zamanda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin davam etməsini göstərdi. İlk pilot layihə olaraq məhz Zəngilanda icra edilməsinə başlanmışdır və burada 200 evdən ibarət gözəl bir "ağıllı kənd” salınıb. Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərəcək. Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq.

Azərbaycanın müstəqil iqtisadiyyatının gücü hesabına "Böyük qayıdış” prosesinə start verildi və ilk olaraq zəngilanlıların dogma torpaqlarına qayıdışı baş tutdu.

Belə maliyyə tutumlu layihələrin icra edilməsi məhz Azərbaycan dövlətinin öz vəsaiti hesabına həyata keçirilir. Əlbəttə bu cür layihələri güclü iqtisadiyyata malik olan ölkələr həyata keçirə bilər. Azərbaycanın güclü iqtisadiyyata malik olması bu cür layihələrin həyata keçirilməsinə imkan verir. Vətən müharibəsindən sonra ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri ya böyük layihələrin təməlqoyma və ya açılışı ilə bağlı olur. Dövlət başçısı aparılan işlərə birbaşa özü nəzarət edir”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu layihənin məhz Müstəqillik Günü ərəfəsində açılması, həm də böyük rəmzi məna daşıyır.

"Son 200 ildə ermənilər tərəfindən Azərbaycana qarşı mərhələli şəkildə soyqırım siyasəti həyata keçirilib, ərazilərimizin bir hissəsi ermənilərə verilib. Ötən əsrin 20-ci illərində də Sovet hakimiyyəti Qərbi Zəngəzuru Ermənistana vermişdir. Təbbi ki, bu, Azərbaycana qarşı aparılan ədalətsiz bir siyasətin mərhələləri olub. Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra da o zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində torpaqlarımızın 20 faizi erməni işğalı altına düşmüşdü. Çox şükürlər olsun ki, Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi düşünülmüş siyasət Azərbaycanı bugünki uğurlara gətirib çıxarıb.

Artıq bu gün bir güclü Azərbaycan var ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü bərqərar etdi və bu gün belə nəhəng layihələr həyata keçirərək azad edilmiş torpaqları çiçəklənin bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlər aparılır”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə deyib ki, may ayının 27-də, Ağalı kəndində "Ağıllı kənd” layihəsinin açılışı zamanı möhtərəm cənab Prezidentin söylədiyi nitq Azərbaycanın gələcək strategiyasının yol xəritəsidir.

"Həmin çıxışda mövcud reallıqlar, dövlətimizin gücü və əsl müstəqilliyin mahiyyəti haqda geniş bəhs olundu. Həqiqətən də Ulu Öndər Heydər Əliyevin dövründən təməli qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilən düzgün və məqsədyönlü siyasət ilbəil öz bəhrəsini verməkdədir. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə də məhz məlum strategiyanın nəticəsidir.

Artıq Böyük Qayıdış başlayıb. Artıq doğma Qarabağda infrastruktur formalaşır. Bütün işlər sürətlə gedir. Mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq.

Möhtərəm cənab Prezident öz mükəmməl nitqində belə bir fikir söylədi: "Əsl müstəqillik odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır”. Bəli, əsl gerçək budur. Məhz Heydər Əliyev dönəmindən sonra biz möhkəmlənməyə başladıq, ölkədə sabitlik yarandı, iqtisadi təməllər formalaşdı, dövlətçilik qorundu.

İndi Azərbaycanımız artıq bölgənin lider dövlətidir. Cənab Prezident İlham Əliyevin həm daxili və həm də xarici siyasətdəki uğurları ölkəmizin nüfuzunu birə-beş artırıb. Vətən müharibəsindəki qələbəmiz isə Azərbaycanın adını dünya tarixinə qızıl hərflərlə yazdırıb.

Qarabağın digər bölgələri də çox tez bir zamanda arzuladığımız məqama gələcək, arzuladığımız kimi inkişaf edəcək, arzuladığımız kimi dirçələcək. Buna kimsənin şübhəsi yoxdur”, - deyə deputat əlavə edib.
Xəbər 742 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR