Bir günlük proqramda Ermənistan rəsmiləri ilə çox yaxşı və səmərəli müzakirələr apara bildik.
Aktual.az xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib.
"Müzakirə etdiyimiz məsələlər nəqliyyat sahəsinə, Şimal-Cənub yolunun müxtəlif hissələrinin tikintisinin həyata keçirilməsinə, eləcə də Ermənistanın Xəzər dənizinə çıxışına aid idi. Çox vacib bir səfər oldu”, - o bildirib.
Bəzrpaş qeyd edib ki, Şimal-Cənub yolunun hissələrinin birinin tikintisi ilə bağlı İran şirkəti və Ermənistan arasında müqavilə imzalanması mümkün olub:
"Bu, mühüm sənəddir və İran şirkətləri üçün çox yaxşı fürsətdir. Çünki İran şirkətləri yol tikintisi sahəsində çox zəngin təcrübəyə malikdirlər və bunu tətbiq edə biləcəklər. Bundan əlavə, şirkətlər hər iki ölkənin infrastrukturunun inkişafı proqramlarında iştirak edə bilərlər. Paşinyan da daxil olmaqla, Ermənistan rəsmiləri ilə müzakirə edilən mühüm məsələlərdən biri ödənişlərin sıfırlanması ilə bağlı oldu. Bu, iki ölkə arasında ticarət dövriyyəsinin artmasına ən yaxşı töhfə verəcək. Ermənistanın Baş naziri ilə görüşdə ölkə ərazisində bir sıra məktəblərin tikintisinə dair razılıq əldə olunub. Yaxın aylarda bəzi proqramlar həyata keçiriləcək. Müzakirə zamanı suallardan biri də yük maşınlarının keçidi ilə yanaşı nəqliyyat sektoru ilə bağlı idi. Təbii ki, tərəflər yaxın aylarda bu istiqamətdə yekun razılığa gəlməlidirlər. Digər mühüm məsələ İran şirkətlərinin Ermənistandakı fəaliyyətini asanlaşdıracaq banklar tərəfindən verilən zəmanətlərlə bağlı idi. Heç vaxt Ermənistandan zərər görməmişik. Mövqeyimiz həmişə Ermənistanın ərazi bütövlüyünü dəstəkləmək olub. Cənubi Qafqaz regionunda sülh çox vacibdir və bu, iqtisadi əlaqələrin inkişafı üçün yaxşı stimul ola bilər”.
İran ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirən yeni körpünün tikintisi Tehranın Bakının Zəngəzur dəhlizini "güc yolu ilə açmaq” niyyətlərinin qarşısını almaq siyasətinin tərkib hissəsi hesab edilə bilərmi sualına isə o, belə cavab verib:
"İran Zəngəzur dəhlizi ilə bağlı dəqiq mövqe bildirib. İran logistika və nəqliyyatda imkanlar ölkəsidir. Biz Ermənistan üçün səylərimizi əsirgəməyəcəyik və təcrübəmizi erməni tərəfi ilə bölüşməyə hazırıq”.
Xəbər 564 dəfə oxunub.