Oktyabr ayında Azərbaycan ərazisi və ona qonşu seysmoaktiv zonaların seysmogeodinamik şəraitində ciddi dəyişikliklər müşahidə olunub.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, regional planda respublika ərazisi intensiv sıxılma gərginlik-deformasiya proseslərinin təsiri altında olub. Regionda üç müxtəlif mərkəzli gərginlik-deformasiya strukturu qeyd edilib:
"Şərqi sıxılma strukturu Mərkəzi Xəzər, Abşeron periklinalı və Şamaxı-İsmayıllı seysmoaktiv zonalarını əhatə etməklə yüksək intensivliyə malik olub və regionda yeni geodinamik şəraitin formalaşmasına başlanıb. Şimal gərginlik deformasiya strukturu bilavasitə Xəzər dənizi akvatoriyasında formalaşıb, regional Mahaçqala-Türkmənbaşı aktiv dərinlik tektonik pozulması boyu xəritələnib. Şimal-qərb sıxılma deformasiya strukturu Zaqatala-Şəki zəlzələ ocağı zonalarını əhatə etməklə nisbətən zəif intensivliyə malik olub. Ölkənin qalan əraziləri nisbi stabil geodinamik şəraitə malik olub və demək olar ki, genişlənmə və sıxılma proseslərinin təmas zonasında yerləşib".
Qeyd olunub ki, oktyabr ayı ərzində ölkə ərazisində K>9 energetik sinifli 3 yerli zəlzələ baş verib: "13 oktyabrda Oğuz, 13 oktyabr Xəzər, 26 oktyabrda Tovuz seysmoaktiv zonalarında baş vermiş bu seysmik hadisələr regionda yeni formalaşan geodinamik şəraitlə bağlı olub. Hər üç zəlzələ sıxılma gərginlik-deformasiya prosesləri ilə əlaqədardır. Lokal seysmomonitorinq müşahidələrinə görə xəritələnmiş Girdimançay sıxılma və Qızmeydanı genişlənmə strukturları gərginliyin kritik hədd səviyyəsinə çatmayan şəraiti ilə fərqlənir və burada klassik yerli zəlzələlərin baş vermə ehtimalı mövcuddur".