Bakıdakı “Təzəpir” məscidində Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubla vida mərasimi başlayıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, vida mərasimində Azərbaycanın tanınmış şair və yazıçıları, elm xadimləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edir.
Şair I Fəxri xiyabanda dəfn ediləcək.
Xatırladaq ki, Z.Yaqub uzun müddətdir böyrək xəstəliyindən əziyyət çəkirdi.
Zəlimxan Yaqub 21 yanvar 1950-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.
2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü idi.
Z.Yaqub 20-dən artıq şeir kitabının müəllifidir. Şairə həsr edilmiş bir neçə sənədli film çəkilib.!