05 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Zəngilan Konqres Mərkəzində təşkil olunan "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” adlı konfrans, Zəfərin mahiyyətinə yeni baxış gətirən hadisə kimi dəyərləndirildi. Tədbir həm dövlətçilik fəlsəfəsinin, həm hüququn, həm də ədalətin bir-biri ilə necə vəhdətdə inkişaf etdiyini nümayiş etdirdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Zəngilan rayonunun Ağalı kəndində ucaldılmış büstünü və şəhərin Şəhidlər xiyabanını ziyarət etdilər, Ulu Öndərin və şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər. Dövlət Himninin səsləndirilməsi və bir dəqiqəlik sükut tədbirə səssiz, lakin dərin bir duyğu gətirdi — bu sükut həm itkilərin xatirəsi, həm də qələbənin dəyəri idi.
Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev açdı. O, çıxışında qeyd etdi ki, beş il öncə qazanılmış bu Qələbə Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttinin və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin nəticəsidir. Baş prokuror vurğuladı: "Prezident İlham Əliyevin ‘Biz Qarabağı cənnətə çevirəcəyik’ fikri artıq reallıq halını alır. Bu torpaqlarda həyat, qanun və ədalət eyni zamanda bərpa olunur.” Onun sözlərinə görə, azad edilmiş ərazilərdə hüququn aliliyinin təmin edilməsi, dövlətin vətəndaş qarşısında məsuliyyətinin gücləndirilməsi prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətlərindəndir.
Kamran Əliyev çıxışında həmçinin qeyd etdi ki, prokurorluq əməkdaşlarının qarşısında dayanan başlıca vəzifə bu azad torpaqlarda hüquqi sistemin bərpasına və ədalətin təmininə yönəlmiş fəaliyyəti vicdanla yerinə yetirməkdir. Hüququn bu məkanlara qayıdışı, əslində, Zəfərin davamı, onun hüquqi formasıdır.
Konfransda Prezidentin Zəngilan, Qubadlı və Cəbrayıl rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edərək bildirdi ki, "azad Qarabağ və Şərqi Zəngəzur bu gün innovativ və dayanıqlı inkişaf məkanına çevrilir.” Onun sözlərinə görə, dövlətin həyata keçirdiyi layihələr təkcə infrastruktur deyil, həm də yeni idarəetmə və hüquqi münasibətlər sistemini formalaşdırır.
Azərbaycanın Hərbi prokuroru Bəhruz Əhmədov çıxışında vurğuladı ki, "bu torpaqda dalğalanan üçrəngli bayraq dövlətin suverenliyinin və xalqın birliyinin simvoludur.” O, həmçinin müharibə dövründə Baş prokurorun Gəncə, Bərdə və Tərtərdə baş vermiş raket hücumlarının dərhal yerində araşdırılması və diplomatik korpus qarşısında faktların təqdim edilməsinin Azərbaycanın beynəlxalq hüquq müstəvisində mövqeyini möhkəmləndirdiyini qeyd etdi.
Konfransın mühüm hadisələrindən biri Baş Prokurorluq tərəfindən hazırlanmış "Qarabağ Azərbaycandır” kitabının təqdimatı oldu. Nəfis tərtibatla çap edilən bu nəşr Qarabağ azadlığı uğrunda aparılmış mübarizənin sənədli əsaslarını və hüquqi dəyərləndirməsini özündə birləşdirir. Kitabda beynəlxalq hüquq baxımından işğal dövründə törədilmiş cinayətlərin təhlili, ədalətli müharibənin sübut bazası, faktların və sənədlərin elmi sistemləşdirilməsi təqdim olunub. Bu nəşr həm prokurorluq orqanlarının çoxşaxəli fəaliyyətinin elmi davamı, həm də milli yaddaşın hüquqi kodlaşdırılması kimi dəyərləndirilə bilər.
Konfransda Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elmi Məsləhət Şurasının üzvləri də çıxış edərək, Zəfərdən sonrakı hüquqi transformasiya proseslərinin elmi və praktiki aspektlərinə toxundular. Şura üzvləri prokurorluq orqanlarının azad edilmiş ərazilərdə fəaliyyətinin metodoloji əsaslarının gücləndirilməsi, sübut toplama mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, hüquqi tədqiqatların daha geniş tətbiqi istiqamətində təkliflər irəli sürdülər. Müzakirələrdə xüsusilə qeyd olundu ki, Zəngilan konfransı həm dövlətin hüquqi düşüncə tərzində, həm də prokurorluq sisteminin elmi konsepsiyasında yeni mərhələnin başlanğıcıdır.
Zəngilanda keçirilən bu tədbir göstərdi ki, Zəfər bir hadisə deyil, davam edən bir prosesdir. Hüququn və ədalətin bərpası Zəfərin təntənəsinin ikinci mərhələsidir. Bu konfrans həm dövlətin mövqeyinin, həm də hüquq elminin yanaşmalarının sintezini ifadə etdi. Hüquq burada yalnız qayda deyil, həm də cəmiyyətin özünüdərki üçün zəruri olan əsas dəyərə çevrildi.
Zəngilan Konqres Mərkəzində səslənən çıxışlar bir fikirdə birləşirdi: Azərbaycan Zəfərini tarixdə deyil, gündəlik fəaliyyətində, idarəetmə mədəniyyətində və hüquqi düşüncəsində yaşadır. "Zəfərdən ədalətə” aparan bu yol dövlətin yalnız sərhədlərini deyil, həm də hüquq sisteminin mənəvi sərhədlərini bərpa etdi.
Əliməmməd Nuriyev
Xəbər 45 dəfə oxunub.