Heydər Əliyev kimi görkəmli dövlət xadiminin şəxsiyyəti həm Sovet dövlətinin, həm Azərbaycanın, həm də Rusiya-Azərbaycan münasibətlərinin tarixində böyük əhəmiyyət kəsb edir.
Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bu il SSRİ və Azərbaycanın görkəmli xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Onun adı ölkəmizdə dəyişməz ehtiramla yad edilir. Mübaliğəsiz Heydər Əliyev Sovet İttifaqının nüfuzlu siyasətçilərindən biri idi. O, şəxsi, işgüzar, peşəkar keyfiyyətləri ilə Sovet dövlətində ən yüksək və ən məsul vəzifələrdə çalışaraq, ölkənin qarşısında duran mürəkkəb vəzifələri həll etdi. Çox sayda nümunədən yalnız bir misal çəkəcəm - Heydər Əliyevin dövlətin müstəqilliyinə böyük töhfəsi Baykal-Amur magistral xəttinin tikintisi idi. Müasirləri onun haqqında qətiyyətli və inamlı hərəkət edən, həmişə açıq olan və yenilikləri qəbul edən bir insan kimi danışırlar. O öz doğma Azərbaycanına postsovet tarixinin çox keşməkeşli dövründə rəhbərlik edərək Azərbaycan cəmiyyətini konsolidasiya etməyə, ölkənin dövlət institutlarını gücləndirməyə, gələcək illər üçün onun sosial-iqtisadi inkişaf vektorunu müəyyən etməyə nail oldu”, - o bildirib.
Zaxarova qeyd edib ki, Əliyev Qafqazda vəziyyətin ümumi sabitləşməsində də əsas rollardan birini oynayıb:
"Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin inkişafı onun üçün prioritet məsələ idi. O, xalqlarımız arasında çoxəsrlik dostluq əlaqələrinə uyğun olaraq Azərbaycanda rus dilinin və mədəniyyətimizin - bir çox cəhətdən ortaq mədəniyyətimizin qorunub saxlanmasına və möhkəmlənməsinə öz töhfəsini verib. Bu gün onun oğlu İlham Əliyev tərəfindən möhkəmləndirilməkdə olan Rusiya-Azərbaycan münasibətlərinin və müttəfiqlik əməkdaşlığının hazırkı yüksək səviyyəsinin əsaslarını Heydər Əliyev qoyub.
Bu il ölkəmizdə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bir sıra anım tədbirləri keçirilir. Rusiyanın bir sıra subyektlərində - Tatarıstan Respublikasında, Həştərxan vilayətində və əlbəttə ki, Moskvada onun xidmətlərinin və Sovet İttifaqının inkişafına verdiyi töhfənin xatirəsinin əbədiləşdirilməsi, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi təşəbbüsləri həyata keçirilib. Biz bu işi gələcəkdə də davam etdirəcəyik”.
Xəbər 281 dəfə oxunub.