Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təbrikdə deyilir:
"Сənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.
Tarixə qovuşmaqda olan 2015-ci il xalqımızın və dövlətimizin, eləcə də Silahlı Qüvvələrimizin həyatında əlamətdar hadisələrlə zəngin olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciətində qeyd etdiyi kimi hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilmişdir.
Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında ordumuzun maddi-texniki təchizatı gündən-günə güclənərək ən yüksək səviyyəyə qalxmış, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapmış, müasir silah və texnikaların alınması, yüksək ixtisaslı peşəkar kadrların hazırlanması işi uğurla davam etdirilmişdir.
İl ərzində 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi isə daimi mənzillə təmin olunub. Tam şəkildə komplektləşdirilmiş 10 hərbi şəhərcik, yeni təlim poliqonları, inzibati binalar istifadəyə verilmişdir. Bütün hərbi hissələrdə ən müasir tələblərə cavab verəcək yenidənqurma işləri daim davam etdirilir.
Komanda-qərargah hərbi oyunları, irimiqyaslı təlimlər, ordumuzun güc və qüdrətini bir daha dünyaya nümayiş etdirməklə yanaşı istər xidmətdə olan, istərsə də ehtiyatdan cəlb edilənlərin döyüş təcrübəsi qazanmasında mühüm rol oynamışdır.
Şəxsi heyətin böyük ruh yüksəkliyi, vətənpərvərlik hissi, döyüş və mənəvi-psixoloji hazırlığı imkan verir ki, Azərbaycan ordusu Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızı azad etsin, Respublikamızın ərazi bütövlüyü təmin olunsun.
Azərbaycan-Ermənistan sərhəddində hər gün atəşkəs rejimi pozulur. Mövqelərimiz intensiv olaraq atəşə tutulur, lakin Azərbaycan əsgəri vətənin keşiyində ayıq-sayıq və mərdliklə dayanır. Düşmən layiqli cavab atəşləri ilə susdurulur, işğalçının planlaşdırdığı təxribatlar öncədən aşkarlanır, qabaqlayıcı tədbirlər nəticəsində düşmən canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkilərə məruz qalır. Döyüşlərdə şəhid olanların qisası birə on qat alınır və bundan sonra da alınacaqdır.
Hərbi qulluqçularımızın xidmətləri ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilir. Ordu ilə xalqın əlaqələri daha da möhkəmlənir, xalqımız ordusuna inanır, güvənir və arxalanır.
İnanıram ki, Siz bu etimadı, inamı vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğruldacaq, ölkəmizin təhlükəsizliyinin keşiyində, torpaqlarımızın müdafiəsi naminə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin əmrlərinə hər an hazır olacaq və "Qarabağ torpağı erməni işğalçılarının ayağı altında od tutub yanacaqdır" şüarı ilə başlayacağımız yeni 2016-cı ildə xalqımızı qələbə müjdələri ilə sevindirəcəksiniz.
Bayramlar ərəfəsində şəhidlərimizin xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, müharibə və Silahlı Qüvvələr veteranlarını, eyni zamanda, hazırda düşmənlə təmas xəttində, döyüş növbəsində, qarovul xidmətində, xarici dövlətlərdə sülhməramlı qüvvələrin tərkibində xidmət edən şəxsi heyəti ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətdə uğurlar arzulayıram.
Arzu edirəm ki, 2016-cı il Qarabağın işğaldan azad ediləcəyi və qələbə ili kimi tarixə düşsün!
Hərbi anda sədaqətə, çətin, şərəfli hərbi xidmətdə fədakarlığa və böyük qələbəmizə inama görə hər birinizə minnətdarlığımı bildirirəm.
Bayramlarınız mübarək Azərbaycan əsgəri!".