Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşüb.
Aktual.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, məktəbin zabit və kursant heyətinin, pedoqoji kollektivinin, həmçinin xüsusi təyinatlı təhsil müəssisələri üzrə qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə müdafiə naziri Z. Həsənov çıxış edərək özünün də məzunu olduğu Hərbi Liseyin şəxsi heyəti ilə görüşündən məmnun olduğunu bildirib və ölkəmizdə ordu quruculuğu prosesində təhsil ocağının xüsusi rolunu qeyd edib.
Kursantlara Heydər Əliyevin irsindən nümunə götürməyi tövsiyə edən nazirin sözlərinə görə, onlar bu məktəbdə təhsil almalarından iftixar hissi duymalı, zabit olmağı qarşısına məqsəd qoyan hər kəs dövlətə və xalqa sədaqəti, nizam-intizamı, mənəvi dəyərlərə bağlılığı ilə seçilməlidir.
Müdafiə naziri çıxışında hazırda hərbi hissələrin müasir səviyyədə qurulduğunu, yeni silah və hərbi texnikalar alındığını xüsusi qeyd edib: “Artıq ordunun təchizatında ən müasir silahlar var. B, dövlətimizin iqtisadi inkişafının təzahürüdür. Hər kəs bilməlidir ki, xalqımız və dövlətimiz Silahlı Qüvvələrin hərbi potensialının artırılmasında maraqlıdır. Bizim vəzifəmiz isə torpaqlarımızı son qarışına kimi azad etməklə göstərilən bu yüksək etimadı layiqincə doğrultmaqdır”.
Müdafiə naziri çıxışının sonunda kursantlara təhsildə və intizamda uğurlar arzulayıb. Tədbirdə çıxış edən Hərbi Liseyin rəisi polkovnik Rüfət Əmirov, müəllimlər və kursantlar əvvəlki dövrlərlə müqayisədə hərbi təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün bir sıra vacib işlər görüldüyünü bildirib.
Görüşdə müdafiə naziri tərəfindən təhsildə və intizamda fərqlənən bir qrup kursanta hədiyyələr təqdim edilib.