Zahid Oruc: "Tələbələrin 10 faizi öz ixtisasları üzrə irəliləmir..."

Zahid Oruc:

Sosial Tədqiqatlar Mərkəzində hər birinizi ürəkdən salamlayırıq, dəvətimizi qəbul etdiyinizə görə hər birinizə səmimi təşəkkürlərimizi bildiririk və kitab təqdimatı mərasimlərini millət quruculuğunun ayrılmaz tərkib hissəsi kimi müqəddəs vəzifə hesab edirik.
 
Bildiyiniz kimi, ölkəmizdə sosioloji fikrin inkişafı bir çox qonşu dövlətlər kimi bolşevik inqilabından əvvəl, yaxud sovet hakimiyyətinin qurulduğu illərə deyil, ötən əsrin ikinci yarısından sonraya təsadüf edir.
 
Lakin müstəqillikdən sonra sosiologiyanın inkişafı, ali təhsil sistemində ona yer verilməsi və dövlət sifarişlərinin artması, cəmiyyətşünaslığın aparıcı sahəsi kimi öyrənilməsi və tədrisi yeni mərhələdir. Bununla belə, dövlət və cəmiyyət həyatında Qərb ölkələrindəki kimi ona geniş ictimai tələbat heç vaxt arzuedilən səviyyədə olmayıb.
 
Nəinki vətəndaşların və ictimai fikrin yetərsiz münasibəti, o cümlədən, akademik camiyədə sosiologiya elminin institusional təşkili, kadrların karyera inkişafı, alternativ təşkilatlanması, beynəlxlaq elmi jurnallarda təmsilçiliyi və ekspert cəmiyyətlərinin formalaşması həmişə zəif olub. Azərbaycan Elmlər Akademiyası rəhbərinin açıqlaması vəziyyəti əyani əks etdirir. O deyir, sitat:” Ölkəmizdə sosiologiya indeksi üzrə alimlər çox azdır. Ən tanınmış elm adamımızın 85 yaşı var. Orta nəsli barmaqla saymaq olar. Geri qalmış sahələrdən biri də sosiologiyadır və heç vaxt diqqət mərkəzində olmayıb. Problemin həlli ilə 2-3 ildir məşğuluq. AMEA-da sosiologiya ixtisası üzrə doktoranturaya qəbula yer ayrılıb və yeni nəsil hazırlamaq istəyirik”.

Deyilənləri təsdiqləyən və açıq mənbələrdə sahədəki durumu əks etdirən digər faktlar- internet axtarış resurslarında sosioloqların məqalə və çıxışları, elmi və populyar rəyləri aşağı vəziyyətdədir, monoqrafiyalar, dərs vəsaitləri, nəzəri əsərlər barmaqla sayıla bilər. Əvəzində aparıcı ölkələrin, məsələn, Qərb dövlətlərinin sosiologiyası, araşdırma konseptləri, metodları və modelləri tüğyan edir.

Nəzəri sosiologiya sahəsində alimlərimizin keçmiş sovet məkanında tanınmaması, elmi əlaqələri və beynəlxalq tədbirlərdə iştirakçılığına dair məlumatlar demək olar, yox dərəcəsindədir. Halbuki ötən yarım əsrdə başlanan yol indi fərqli nəticələrə gətirməliydi.

Azərbaycanda sosiologiya elminə münasibət, onun bir elm sahəsi kimi qəbulu, tanınması, təbliği-həm ictimai sferada, həm də dövlət idarəçiliyində ona yer verilməsi  ötən əsrin 60-cı illərindən başlayır. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə əhalinin ictimai rəyinin sovet elitası tərəfindən nəzərə alınması, onunla hesablaşılması, sosial problemlərin və ictimai proseslərin tədqiqi sahəsində görülən işlər xüsusi mərhələ adlandırıla bilər. Tahir Faradov kimi azsaylı sosioloqlarımız yazır ki, biz ilk dəfə kəmiyyət sorğularını apararaq, əhalinin müxtəlif problemlərə münasibətini öyrənməklə respublikada və ittifaq səviyyəsində gedən siyasətə təsir imkanı qazandıq. Qərbdə çoxdan institusionallaşan elm sahəsinin tətbiqi sferalarda qazandığı uğurlarla müqayisədə sovet tarixi materializminin ideoloji basqısı, kölgəsi altında qalan sahəni inkişaf etdirməyə yalnız o zaman fürsətlər açıldı.

Sosiologiya elmi dərəcəsinin tətbiqi, BDU-da  kafedranın yaradılması, ilk sosioloji ədəbiyyatların milli dildə nəşri, o cümlədən,  SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda sosioloji tədqiqatlar şöbəsinə tələbələrin təhsili üzrə ilk mübadiləsinin başlanması o dövrün mühüm hadisələridir.

Təqdimata hazırlaşarkən, bir vaxtlar qarşısına sədd çəkilən və sosial elmlərin öyrənilməsində oxşar durumda olan qonşu Rusiyada "Sosiologiyanın xəstəlikləri” adlı  elmi məqalə ilə tanış oldum. Müəlliflər,  "nəzəri sosiologiyaya ictimai marağın olmaması, onun müstəsna təcrübi elm kimi qavranılması, xarici sifarişlərdən asılılıq, sosioloji cəmiyyətlərin formalaşa bilməməsi, akademik və tətbiqi tədqiqatlar arasındakı uçurumu, universitetlər və kommersiya şirkətlərinin zəif əlaqəsini, sosial elmin siyasiləşməsini” əsas problemlər kimi qeyd edirlər. Əslində ölkəmiz üçün də keçərli diaqnozdur. Xüsusilə də sosiologiyanın siyasiləşməsi, xarici qrupların sosial prosesləri hakimiyyət əleyhinə istismar etməsi acı gerçəklikdir.

Sosioloqlar anketləri paylayan və statistik məlumatlar toplayan şəxslər kimi birtərəfli qavranılır, halbuki sosiologiya təkcə sosial reallığı təsvir etmir, həm də onu izah və şərh, nəhayət, dərk edir.

Sosioloji tədqiqatlar sahəsində xarici sifarişlər kiçik tədqiqatçı qrupları onlardan asılı etməklə, gizli fəaliyyətə sürükləyib. Qeyri-leqal şəraitdə müxtəlif problemlər tədqiq olunub, əksər hallarda onlar məxfi hesabatlar kimi xarici sifarişçilərə təqdim edilib.

Ölkəmizdə sosiologiya ixtisasının tədrisi hazırda 4 institutda aparılır. Bakı Dövlət Universitetinə hər il azərbaycandilli 50, ingilis və rusdilli sektorlarının da hər birinə 25-25 tələbə qəbul edilir, daha sonra 20 nəfər magistr proqramı ilə təhsillərini davam etdirirlər. İlk baxışda, adekvat göstəricidir və onların gələcək elmi irəliləyişlərini təmin etməklə, təkcə milli dildə deyil, eləcə də rus və ingilis dillərində peşəkar mütəxəssislər qazanmaq olardı. Kafedraların  müəllim heyəti və onların dərs yükü haqqında müfəssəl məlumatlar yoxdur. Göründüyü kimi, müstəqillikdən keçən 30 il ərzində sosiologiya hələ də institutlaşma prosesini yaşayır, ixtisaslı sosioloqlar yetişdirən ali təhsil müəssisələrinə baxmayaraq, tanınmış ekspert cəmiyyəti və onların vahid təşkilatı mövcud deyil. Tələbələrin 10 faizi öz ixtisasları üzrə irəliləmir, qeyri-ixtisas sahibləri vakuumu doldurmağa çalışır. Müqayisə üçün, təkcə Britaniyada 106 ali təhsil müəssisəində sosioloq ixtisası üzrə kadrlar yetişdirilir və onların gələcək elmi inkişaf mexainzmləri fəaliyyət göstərir.

Nəhayət, dünya sosiologiya elminin müasir nailiyyətləri əsasında dərin tədqiqatlar aparan, 90-cı illərdən sonra xarici sifarişlərdən asılı acı gerçəkliyi dəyişdirməyə çalışan Sosial Tədqiqatlar Mərkəzi prezident İlham Əliyevin 2019-cu ilin fevral sərəncamı ilə yaradıldı. Qərar institusional nümunə olmaqla bir tərəfdən, dövlət idarəçiliyində tədqiqatların rolunu artırdı, o cümlədən sosioloji fikri, sosial proseslərin dərindən öyrənilməsini, onun hökumət-biznes-cəmiyyətə təqdim olunmasını, mediada, müxtəlif informasiya platformalarında tirajlanmasını təmin etdi, ölkəmizin tarixi dönüş anında, yeni Hakimiyyət quruculuğu və Vətən müharibəsində Qələbədən keçən 4 ildə xalqımızın sosial-siyasi gündəliyinə töhfə verdi, yüksək elmi tələblər çərçivəsində və beynəlxalq impakt faktorlu jurnallara çıxarıla biləcək çoxsaylı hesabat və nəşrlərin yaranmasına imkanlar açdı.

Dövlət büdcəsindən maliyyələşən ixtisaslı STM-lə yanaşı, özəl, maliyyə mənbəyi, məqsədləri və fəaliyyət diapozonu fərqli olan tədqiqat mərkəzləri də var. Onlar arasında sağlam rəqabət mövcuddur. Lakin dövlət tərəfindən STM-in təsis edilməsi sosiologiyanın inkişafına güclü siyasi iradəni əks etdirir. Tədqiqat əsaslı idarəçilik aparıcı şüar kimi hakimiyyətin müxtəlif sahələrlə bağlı qərarqəbuletmə siyasətində önəmli rol oynamağa başlayıb. Biz çoxsaylı nazirlik və komitələrin cəmiyyət həyatında baş verən dəyişiklikləri və gələcəyin proqnozlaşdırılmasını məhz sosial tədqiqat alətləri və vasitələri ilə araşdırmaq üçün sifarişlər alırıq.

Mərkəz tərəfindən aparılan bir sıra tədqiqatların adlarını çəkmək istərdik: "Prezidentin sosial və kadr islahatları”, "Yeni imtahan modeli”, "Sosial şəbəkələr və cəmiyyət”, "Media barometri”, "Daxili miqrasiya və urbanizasiyanın sosial aspektləri”, "Azərbaycanda islam”, "Pandemiya ilə mübarizə”, "Yaşlılar: qayğı və rifah siyasəti”, "Qarabağ münaqişəsi Vətən müharibəsindən əvvəl və sonra”, "Vətən müharibəsi dövründə Ali Baş Komandanın fəaliyyəti və İnam indeksi”, "Ailə münasibətləri: sosial-psixoloji təhlil”, "Yerli icra hakimiyyəti başçılarının fəaliyyəti”, "Qlobal "araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsi”, "Böyük qayıdış və yenidən məskunlaşma”, "Kibercinayət və kibertəhlükəsizlik barometri”, "Dövlət orqanlarının göstərdikləri xidmətlərin qiymətləndirilməsi”, Gəncliyin barometri: dəyərləri, həyat tərzi və ictimai-siyasi aktivliyi”, "Dezinformasiyaya qarşı mübarizə: ifşa detektoru”, "Türk Barometri”, "Zəngəzur dəhlizi: regional əməkdaşlıq perspektivləri və sosial-siyasi aspektləri,  "Ermənilərlə sülh və birgəyaşayışa münasibət” və onlarla digər mövzular ətrafında 47 tədqiqat nəticələri dərc olunub, 100-lərlə siyasət sənədi hazırlanıb.

Göründüyü kimi, aparılan işlər prezidentin bəyan etdiyi son 5 ildəki Yeni Eraya keçidi özündə ehtiva edən tarixi Qələbəmizlə, Böyük Qayıdışla, cəmiyyətin sosial gözlənti və baxışlarının kəskin dəyişməsi ilə, ölkəmizə xaricdən edilən sistemli hücumlar və onlara verəcəyimiz cavablarla birbaşa bağlı olub. Tədqiqatların bir qismi ictimailəşib, lakin Ali rəhbərliyin xidməti istifadəsinə verilən yüzlərlə açıq-qapalı sənədlər dövlət siyasəti üçün kiçik töhfələr sayıla bilər. Açıqlanan araşdırmalar müəyyən elmi və ictimai diskussiyalar doğurub. Əlbəttə, daha sistemli, əhatəli və hakimiyyət institutlarının birgə çalışması ilə geniş xarici əlaqələrə çıxış əldə etmək və beynəlxalq legitimlik üçün hələ çox işlər görülməlidir.

Prezident İlham Əliyevin andiçmə mərasimində Yeni dövr-Qarabağdan sonra yeni milli ideologiyanın-yeni sosial-siyasi kimliyin formalaşdırılması vəzifəsi iki əsrlik məğlubiyyət sosiologiyasını aradan qaldırmaqla qalibiyyət ideallarını millətimizin qan yaddaşına, varlığına, gündəlik həyatına yazması faktıdır. Ən böyük Millət Sosioloqu İlham Əliyevdir, tarixdə ilk dəfə xalqımızı coğrafi və siyasi cəhətdən böyüdən İdeya Generatoru da məhz Odur. İndi bütün universitetlər, institutlar və beyin mərkəzləri yeni hədəflərin formalaşmasında aktiv iştirak etməlidir.

Azərbaycanda sosial elmlərin öyrənilməsinə töhfə vermək üçün STM London İqtisad Universitetinin keçmiş rəhbəri Entoni Giddens və müstəqil tədqiqatçı Filip Sattonun "Sosiologiyada əsas anlayışlar” kitabını tərcümə və nəşr edib. Əsər təkcə anlayışların tərifini  vermir, onların geniş müzakirəsini aparır,  tarixi və nəzəri kontekstə yerləşdirir, tətbiqatlarda meydana çıxan çətinlikləri nəzərdən keçirir, uyğun tənqidi mövqeləri göstərir, oxucuya onun müstəqil olaraq tanış ola biləcəyi müasir tədqiqat nümunələri verilir.

E. Giddens və F.Sattonun müəllifləri olduğu "Sosiologiyada əsas anlayışlar” kitabı sosiologiya elminin əsas tədqiqat arealının başlıca sahəsini təşkil edir. Yəni, sosiloqların dili məhz həmin terminlərlə zənginləşir. Ənənəvi lüğət tipli kitablardan fərqli olaraq, burada anlayışların işçi tərifi və mənası ilə yanaşı, inkişaf tarixi, tənqidə məruz qalan tərəfləri və aktuallıq kəsb edən cəhətləri təqdim edilir. "Sosiologiyada əsas anlayışlar” kitabı sosioloqlar, sosial elmlərin digər sahələri üzrə mütəxəssis və tələbələr, habelə müasir dünyanı daha dərindən öyrənməyə çalışan geniş oxucu dairəsi üçün nəzərdə tutulub. Mərkəzimizin iki dəyərli əməkdaşı-Humay Axundzadə və Sübhan Cabbarlı əsərin tərcümə və çapına töhfə veriblər.

Beləliklə, təmsil etdiyim Mərkəz gələcəkdə  sosiologiya və sosial elmlərin dövləti-ictimai statusunu artırmaq məqsədilə bir neçə təklifləri səsləndirməyi vacib sayır. İlk növbədə,

♦️ Azərbaycan-Türk dövlətləri, Azərabaycan-Çin, Azərbaycan-Britaniya arasında sosiologiya magistrlərini hazırlayan birgə proqramlara  ehtiyac var. Məzunların analitika, idarəetmə, elmi və biznes layihələrində iştiraka fəal cəlbi, sosiologiya üzrə fəlsəfə doktorluğuna yönəldilməsi vacibdir.

♦️ Elmi ədəbiyyat və tərcümələrin azlığı, akademik tələbatı və kadr hazırlığını, sabit karyera inkişafı üçün əlverişli mexanizmlərinin yaradılmasını yalnız sistemli dövlət siyasəti ilə həll etmək olar. Sosial elmləri vahid ali təhsil məkanında-Sosiologiya Universitetində birləşdirmək üçün təhsilin planlaşdırılması qurumları tərəfindən müvafiq addımlar atıla bilər.

♦️ Hər il sosiologiya üzrə xaricə mübadilə proqramı ilə gedən tələbələr Təhsil Nazirliyinin siyasətində ayrıca yer alması məqsədəuyğundur.

♦️ Bildiyiniz kimi, Survey to Go proqramı ABŞ-ın texnoloji nailiyyətidir, məhsuludur, İT bazasıdır və bizim BİG DATA-lar onların informasiya platformasında mənzillənir, toplanır və arxivləşir. Bizim məlumatların ana platası xaricdə qərarlaşır. Ona görə də Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi sorğu proqramlarının yaradılmasını mühüm milli təhlükəsizlik tədbiri kimi önə qoya bilər.

♦️ Cəmiyyət sürətlə transformasiya olunur-mediaşünaslıqdan siyasətin sosialogiyasına qədər hamısı dəyişir. Ona görə  də yeni ixtisaslı kadrların hazırlığı gücləndirilməsi, sosioloqların alternativ təşkilatlanması və birliyinin yaradılması son dərəcə zəruridir.

♦️ İki ildən bir beynəlxalq sosioloji konfransların, seminarların keçirilməsinə,o cümlədən birgə elmi çalışmalara, tədbir materaillarının nəşrinə və sosioloji tədiqatlar sahəsində vahid elmi mərkəzlərin yaradılmasına nail olunması vacibdir.

Beləliklə, müasir dövrdə bəşəriyyətin qlobal çağırışları qarşısında cəmiyyətlərin, ideologiyaların, milli və regional sosial transformasiyaların öyrənilməsi qarşıda duran ən mühüm vəzifədir. Bir daha hazırda dünyada tək qalib millətin Vətən müharibəsində Qələbəsini möhkəmləndirmək və irəliyə aparmaq üçün özümüzü və başqalarını öyərnməli, vahid xalq institutuna çevrilməliyik.




Xəbər 143 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR