Zahid Oruc: "907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti”..

Zahid Oruc:

Belarusda prezidentliyə keçmiş namizəd, 4 ildir Qərb paytaxtlarında komfort ömür sürən Sviatlana Tixanovskaya 16 mayda Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfərini şərh edərkən, X səhifəsində yazır, sitat:"Qəribədir, Belarus diktatoru KTMT-də rəsmi müttəfiqi Ermənistana növbəti dəfə zərbə vuraraq, Qarabağ mövzusunda Azərbaycana yardım üçün ora səfər edib”. Bəli, evdar xanımı Avropa Parlamentinə, Avropa Şurasına, Amerika və onlarla dövlət başçısına "parlaq demokrat”, "avtoratirizmin alternativi” kimi təqdim edənlər siyasi laboratiyalarında bəslədikləri tixanovskayalarla eyni dildə danışırlar.
Belələri hakimiyyətə gəlsəydi, Belarusun siyasətini dəyişib ölkəmizi işğalla barışmağa çağıranlardan biri olacaqdı. Halbuki "tanımadıqları” Lukaşenko son 20 ildə bütün platformalarda ölkəmizə prinsipal hərb-siyasi dəstək verib. İndi kimdir demokrat? 907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti İrəvanda qorxu yaradan uzaqmənzilli Polonez raketlərini ordumuzun sərəncamına vermişdi. O, keçmiş erməni rəhbərlərinə hər zaman işğalla bağlı açıq etirazını bildirib, mühüm məxfi danışıqlarda az qala ölkəmizin elçisi, Vətən müharbəsində Kollektiv Təhlükəsizlik Təşkilatının neytrallığını təmin edənlərdən biri olub. Ona görə də erməni rəhbərlər və millətçi qüvvələr həmişə Belarus liderinə qəzəb və hiddətlə baxıblar.
Prezident İlham Əliyev dövlət protokolunun ayrılmaz hissəsinə çevirdiyi azad torpaqlara səfərində Belarus lideri bir çox dost ölkə başçılarından da qabağa gedərək açıq bəyan edir ki, siz azadlıq müharibəsi aparmısınız, Qələbənizi təbrik edirik, heykəlləri güllələyənlər barbardılar, Qarabağın bərpasına çiyin verəcəyik! Ölkəmizin bütövlüyünə sevinən, "tanrıya şükürlər olsun ki, güclü Azərbaycan mövcuddur və İlham Əliyev bütün Qafqazın taleyinə cavabdeh liderdir” deyən adamı qərbli möhtəkirlərə qoşulub ittiham edənlər sizcə kim olur indi? 14 mayda Kopenhagen "Demokratiya sammiti”ndə Paşinyana tribuna verən, ölkəmizi Ermənistanın 200 kvadrat kilometr ərazisini işğal etməkdə suçlandıranlar, əvəzində Kaledoniyanı qan içində boğmaqla heç vaxt demokratik dövlət sayıla bilməzlər!
Siz iki övladını 44 günlük savaşda şəhid verən azərbaycanlı qadını Strasburqun titullu salonlarında Tixanovskaya kimi ayaqüstə alqışlanan, Böyük Karl və Saxarov mükafatı ilə təltif edilən görməzsiniz. Ona görə də Bayden, Şolts və ya digər qərbli rəhbərlər müqəddəs Şuşaya gəlib Vaqifin məqbərəsi önündə heç vaxt dayanmayacaqlar. Onlar yalnız Nətavanın heykəlini azad Avropada ağ örtüklə həbs edə bilərlər.
90-cı illərdə bizi beynəlxalq hesabatlarda ön yerə çıxarıb ərazilərimiz işğal olunanda ona dəstək verənlər, bu gün dövlətimizə qarşı informasiya terroru ilə məşğul olanları himayə edənlər Azərbaycanı 20 faiz natamam görürlər.
Qoy bizim milli demokratlar bilsinlər ki, İlham Əliyevin ləğv etdiyi Minsk qrupunu dirçəltməyə hazır olanlar torpaqlarımıza yalnız binoklla baxırlar.



Xəbər 831 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR