Zabit Səmədov mükafatın bir hissəsini Ordumuza bağışlayacaq VİDEO

Zabit Səmədov mükafatın bir hissəsini Ordumuza bağışlayacaq  VİDEO

"Mən bütün qələbələrimi Azərbaycana həsr edirəm!"

Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirində qalib gəlməsi nəticəsində qazandığı 1 milyon dirhəm (286 min manat) pul mükafatının müəyyən hissəsini Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayacaq.

"Report"un məlumatına görə, bu barədə Z.Səmədov özü məlumat verib. "Bir döyüş idman növünü təmsil etdiyim üçün ordumuza hər hansı formada köməklik etməyi özümə mənəvi borc bilirəm. Mən bütün qələbələrimi Azərbaycana həsr edirəm!", - Zabit Səmədov deyib.

Xatırladaq ki, aprelin 17-də Z.Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirinin qalibi olub. 31 yaşlı idmançı mübarizəyə yarımfinal mərhələsindən başlayıb. Z.Səmədov şotlandiyalı ulduz Stiv Makkinnonu məğlub edib. Digər yarımfinal qarşılaşmasında Konqo-Almaniya əsilli Danyo İlunqa iranlı Cəfər Əhmədidən üstün olub. Nəticədə finalda Səmədov İlunqa ilə üz-üzə gəlib. Görüş başlayan kimi Azərbaycan təmsilçisi ardıcıl 2 dəfə ayaq zərbələri ilə rəqibini yerə sərib. Növbəti raundlarda döyüşü əks-hücumlar üzərində quran Səmədov kəsərli zərbələrlə 4-cü raundda qələbəyə nail olub. Bununla da "Mauqli" ləqəbli məşhur azərbaycanlı döyüşçü kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub.

Dubayda keçirilən bu turnirin super finalı isə bu ilin dekabr ayında keçiriləcək. Həmin döyüşün qalibi mükafat kimi 1 milyon ABŞ dolları qazanacaq.

 

Xəbər 1905 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR