"Yunanıstanı 50-70%-lik devalvasiya gözləyir" Avrozonanı tərk etsə


Yunanıstan Avrozonanı tərk edəcəyi (“Grexit”) təqdirdə, bu ölkədə 50-70% səviyyəsində devalvasiya baş verə bilər. "Report"un verdiyi xəbərə görə, “Saxo Bank”ın iqtisadçısı Kristofer Dembik belə deyir. O bildirib ki, indiyədək görünməmiş resessiya böyük ehtimalla növbəti ilədək uzanacaq.
"Argentinada defolt və devalvasiya baş verdikdən sonra il ərzində resessiya 11%-lik göstəriciyə çatıb. Bu cür göstərici Yunanıstan üçün də ehtimal olunandır. “Grexit” tərəfdarlarının gözləntilərinin əksinə olaraq pul devalvasiyası sadəcə bir illüziyadır və ölkənin rəqabətqabiliyyətliliyinin artırılmasına imkan verməyəcək. Yunanıstanın əsaslı şəkildə ödəniş balansı kəsiri olmayacağı halda devalvasiya effektli olardı", - iqtisadçı bildirib.
K.Dembik qeyd edib ki, ölkənin idxal həcmi ixracdan üç dəfəyədək çoxdur. Onun sözlərinə görə, bu cür durumda devalvasiya artıq “ölüm ayağında” olan iqtisadiyyata işarədir və nəticədə 1945-ci ildən etibarən görünməmiş səviyyədə sosial böhrana səbəb ola bilər: "Kreditorlarla danışıqlar uğursuzluqla nəticələnəcəyi halda, əsas uduzan tərəfin Yunanıstan olacağı şübhəsizdir".
O bildirib ki, avronu əvəz edəcək yeni valyutanın tətbiq edilməsi çox böyük çətinliklərlə müşayiət oluna bilər: "Yunanların yeni valyutanı qəbul edəcəyi sual altındadır. Belə ki, Avrozonadakı üzvlüklə bağlı sorğulara əsasən əhali yeni valyutadan istifadəyə meylli deyil. Dövriyyədə bir neçə valyutanın olması isə uzunmüddətli dövr üçün mübahisəli məsələdir. Ancaq qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatında bu cür dəyişiklik baş verə bilər. Çünki 2009-cu ilin sonundan etibarən bank sektorundan 100 mlrd. avro həcmində pul xaric olunub və hazırda “corablar"da saxlanılır. Bu da gələcəkdə Argentina və Venesuelada müşahidə olunan qara valyuta bazarının formalaşması təhlükəsini artırır". 

İqtisadçının sözlərinə görə, yunanlar daha güclü valyuta olan avroya üstünlük verəcəklər və yeni valyutadan canlarını qurtaracaqlar: "Qreşam qanunu bütövlükdə özünü doğruldacaq: "Pis pullar yaxşı pulları sıxışdıracaq. Faktiki olaraq bu, iqtisadiyyatın avrolaşmasına səbəb olacaq".
K.Dembik bildirib ki, Yunanıstan iqtisadiyyatının qismən və ya bütövlükdə defoltu Avropa ölkələrində maliyyə durumunun əhəmiyyətli şəkildə pisləşməsi və vergi dərəcələrinin yüksəldilməsinə səbəb olmayacaq. Onun sözlərinə görə, Yunanıstana verilmiş kreditlərin dəyəri artıq dövlət borcunun hesablanması zamanı nəzərə alınıb ki, bu da ani yüksəlişin olmayacağı deməkdir.
"Yunanıstanın defoltu Avropa ölkələrini maliyyə bazarlarında kreditləri yenidən maliyyələşdirməyə məcbur edəcək. İqtisadi mühitin zəif inkişaf sürəti və gələcək illərdə inflyasiya dərəcəsinin yüksəlmə proqnozu fonunda Yunanıstan borclarının ödənilməməsi Almaniya və Fransa kimi əsas bazar iştirakçılarının maliyyə sisteminə zərbə olmayacaq", - o qeyd edib.
K.Dembikin fikrincə, Yunanıstanın Avrozonanı tərk etməsi avropalıların artıq ortaq maraqlarının, məqsədlərinin və ya birgə yaşam istəklərinin olmaması düşüncələrinə təkan verə bilər. Onun sözlərinə görə, Yunanıstan məsələsi iqtisadi olmaqdan daha çox siyasidir.
"Yunanıstanın baş naziri Aleksis Tsipras bunu anlayır və Yunanıstanın borc məsələsini Avropa Şurasının iyunun 25-26-da baş tutacaq növbəti iclasında müzakirəyə çıxarmağa çalışacaq", - iqtisadçı qeyd edib.

Aktual.az

Xəbər 509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR