Yunanıstandakı maliyyə böhranı günü-gündən dərinləşir. Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkənin maliyyə naziri Yanis Varoufakis bu gün Beynəlxalq Valyuta Fonduna etməli olduqları 1,6 milyard avronu verə bilməyəcəklərini bəyan edib.
Avropa İttifaqı, Avropa Mərkəz Bankı və Beynəlxalq Valyuta Fondu Yunanıstanın borc böhranı ilə bağlı yol xəritəsi hazırlayıb. Bununla bağlı ölkə bu gün Beynəlxalq Valyuta Fonduna 1,6 milyard avro ödəməli idi. Əgər bu gün saat 20:00-dək həmin məbləğ ödənməsə, Fond növbəti 2 saat ərzində borcun qaytarılmaması ilə bəyanat yayacaq. Lakin Yunanıstan iqtisadiyyatının tam iflası ilə bağlı açıqlama hələlik verilməyəcək. Belə ki, ölkədə iyulun 5-də borclanma məsələləri ilə bağlı referendum keçiriləcək. Referendumun nəticələri məlum olanadək Avropa Mərkəz Bankı yunan bankları üzərində nəzarət edəcək.
Referendumdan müsbət cavab çıxacağı təqdirdə Avropa İttifaqı maliyyə kanalları vasitəsi ilə Yunanıstana yardımlar göstərməyə davam edəcək. Əgər xalqın cavabı mənfi olarsa, Yunanıstan hökumətinin atacağı növbəti addımlar həlledici olacaq.
Aktual.az