Bakıda avtomobil yollarında yeni növ işıqforların quraşdırılması gözlənilir.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə mərkəzinin (NİİM) İnnovativ inkişaf şöbəsinin rəisi Mirhəmid Bağırov Milli.Az-a açıqlamasında deyib ki, Bakı və Abşeron yarımadasında şəhərdə artıq müəyyən yerlərdə quraşdırılmış LED sistemli işıqforların sayının artırılması ilə yanaşı daha fərqli işıqforların quraşdırılması da təklif edilir:
"Biz tam fərqli işıqforların quraşdırılmasını təklif etmişik. Həmin işıqforlar təkcə ümumi yol üzrə deyil, həmçinin yoldakı ayrı-ayrı zolaqlar üzrə hərəkəti də müəyyən etməyə imkan verəcək. Yəni işıqfor eyni istiqamətdə həm sağ, həm də sol zolaq üzrə ayrıca hərəkəti göstərəcək".
Şöbə müdiri bildirib ki, artıq təkliflər müvafiq dövlət qurumlarına göndərilib.
Qeyd edək ki, hələ 2 il əvvəl NİİM tərəfindən Bakının Üzeyir Hacıbəyov - Aleksandr Puşkin küçələrinin kəsişməsində, eləcə də Buzovna - Mərdəkan yolunda LED sistemi ilə təchiz edilən işıqforlar quraşdırılıb. Yeni işıqforların əsas üstünlüyü odur ki, sürücülər onları daha uzaqdan görə bilirlər. Bu cihazların adi işıqforlardan fərqi ondan ibarətdir ki, onların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır və nəticə olaraq sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edirlər. Bundan əlavə, iritutumlu nəqliyyat vasitəsi işıqforun önündə dursa belə, digər nəqliyyat vasitələrinin işıqforu görməsini məhdudlaşdırmır.
Bu işıqforlar digərlərindən fərqli olaraq həm də elektrik enerjisinə 80 faizə qədər qənaət edir.
Xatırladaq ki, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM)
bildirmişdilər ki, yeni növ işıqforların yoxlama müddətində onların işində heç bir nasazlıq qeydə alınmadığından onların daha geniş tətbiqi barədə qərar verilib. Hələ 2 il əvvəl yeniliyin ilkin olaraq Bakı şəhərini, sonra Abşeron yarımadasını, daha sonra isə bütün respublika ərazisini əhatə edəcəyi bildirilsə də, bu işlər həyata keçirilmədi.