Yol qəzası günümüzün ən aktual problemlərindəndir. Günahsız insanlar hər gün qurbanı olduğu üçün ona "Yol terroru" da deyirlər.
Yol qəzaları ilə bağlı statistik məlumatlar artıq gündəmin daimi xəbərləri sırasında öncüllərdən sayılır desək, yanılmarıq.
Yol qəzalarında hər gün insan ölümləri baş verir. Aktuallığını saxlayan problemin qarşısının alınması üçün hansı mübarizə üsulları seçilməlidir? Hansı daha effektiv metodlarla tədbirlər görülməlidir ki, yol qəzalarının qarşısının alınması tam mümkün olmasa da, bu hadisələrin kəmiyyətinin azalmasına yardımçı olsun?
Ekspert Ərşad Hüseynov məsələ ilə bağlı bildirib ki, bu problemə qarşı mübarizə aparmaq üçün bir neçə istiqamətdə tədbirlər görülməlidir: "Yol qəzalarının baş verməsində müxtəlif səbəblər var. Bu məsələdə əsasən yol hərəkəti, onun təşkili, sürücü hazırlığı, hərəkət iştirakçılarının hazırlıq səviyyəsini qeyd etməliyik. Bu problemlər yol qəzalarının baş verməsində əsas səbəblərdəndir. Yol qəzaları ilə bağlı effektiv metodlarla mübarizə aparılmalıdırsa, bu amillər nəzərə alınmalıdır. Amma insan amili də unudulmamalıdır. Yol hərəkəti iştirakçılarımız hazırlıq, təhlükəsizlik baxımından çox zəifdirlər. İstər piyada, istərsə də sürücü qismində. Bəziləri elə zənn edir ki, yol hərəkəti qaydaları cərimə yazmaq üçün tətbiq olunub. Bu qaydalar əslində, sağlam və normal yaşamaq, təhlükəsizlik üçündür. Əksər sürücülər bunu dərk etmir və ona görə də qəzalar baş verir. Sürücü və ya piyadalar yol hərəkəti qaydalarını pozurlar. Bu isə ağır nəticələrə səbəb olur".
Ə.Hüseynov hesab edir ki, yol qəzalarının baş verməsi səbəblərindən biri də yol infrastrukturundakı problemlərdir: "Eyni zamanda, yol hərəkətinin təşkilində texniki vasitələrdə də problemlər çoxdur. Bu problemlər də yol qəzalarına gətirib çıxarır". (Trend)
Xəbər 321 dəfə oxunub.