Ötən gün səhər saatlarında Zığ-Hava limanı avtomobil yolunda baş vermiş avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib.
Aktual.az Milli.Az-a istinadən xəbər veir ki, "Azəryolservis" ASC-dən verilən məlumata görə, Zığ-Hava limanı avtomobil yolunun 16-cı kilometrliyində Hava limanı istiqamətindən şəhərə doğru irəliləyən "Howo" markalı 99 BP 034 dövlət nömrə nişanlı yük maşını yol kənarında olan əyrixətli dəmir tirləri dağıdaraq, divara çırpılıb.
Ağır tonnajlı yük maşınını idarə edən sürücü Əbülfət İsmayılovun sözlərinə görə, maşının ön təkəri qəfil partladığından idarəetməni itirib. Nəticədə yüklə dolu olan maşın yol kənarına çıxıb. Baş vermiş qəza zamanı 75 paqonmetr əyrixətli dəmir tirlər və divarın 215 kvadrat metr üzlüyü, həmçinin konstruksiyası sıradan çıxıb.
İlkin hesablamalara görə, baş vermiş qəza zamanı yol təsərrüfatına 25 min manata yaxın ziyan dəyib. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.