2016-cı ilin birinci yarısında ölkə üzrə yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayının azalması müşahidə olunub.
Aktual.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 13,4%, zərərçəkənlərin sayı isə 16,4% azalıb.
Zərərçəkənlərin 970 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 304 nəfəri isə həlak olub.
Yol-nəqliyyat hadisələrinin çox hissəsi (786) yaşayış məntəqələrində baş verib, nəticədə 1095 nəfər zərər çəkib, onlardan 192 nəfər həlak olub, 903 nəfər isə yaralanıb.
2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 28,1%, yaralananların sayı isə 13,6% azalıb.
Bütün yol-nəqliyyat hadisələrinin 42,9%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 20,4%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə, 36,7%-i bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,9%, 26% və 14,2% azalıb.
Yol-nəqliyyat hadisələrinin 43,6%-i gündüz, 37,4%-i gecə, 19%-i isə toran vaxtı baş verib. Hadisələrin 29%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.